20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş turnir başa çatdı
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Azərbaycan Karate Federasiyası (AKF) ilə birgə təşkil etdiyi 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub.
AKF-dən Msport.az-a verilən məlumata görə, vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan “Arpaçay Open” karate turnirinin sayca 10-cu yubiley yarışının təntənəli açılış mərasimi Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar.
Daha sonra tədbirdə qonaqlara hədiyyə və fəxri diplomların təqdim olunması mərasimi keçirilib.
Mərasimin bədii hissəsində “Öncə Vətən” İctimai Birliyinin rəhbəri Fərahim Sadiqin və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim edilib.
Sonda “Arpaçay Karate Klubu”nun rəhbəri Yavər Hüseynov göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevə, Bakı İdman Sarayının direktoru Əli Əsgərova, idman klubları və ictimai birliklərin rəhbərlərinə, hakimlərə, məşqçilərə, idmançılara və bütün tədbir iştirakçılarına təşəkkür və minnətdarlığını çatdırıb.
Qeyd edək ki, 2 gün davam edən 10-cu “Arpaçay Open” turnirində paytaxt Bakı, Sumqayıt və regionlar da daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.
65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə üçüncü olub.