"O, "Zirə" ilə oyundan əvvəl zəhərlənmişdi" - Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında danışıb.
– Futbolçular əziyyət çəkdilər. Çoxdandır süni örtüklü meydançada oynamırdıq. İlk hissədəki gərginliyin səbəbi bəlkə də bu idi. Yolumuza davam edəcəyik. Növbəti turda “Sabah”la oyun var. Ona hazırlaşacağıq.
– Stadiondakı atmosferin futbolçularınıza təsir etdiyini düşünürsüz?
– Mənim üçün xoş idi. Azarkeşər möhtəşəm idilər. Bəlkə də gənc oyunçularımız belə şeyə öyrəşməyib. Ona görə də ilk hissədə səhvlər edirdilər. Amma ikinci hissədə toparlandıq. Ümid edirəm ki, gələcəkdə oyunlarımız da bu cür ab-havada keçəcək.
– Əsas heyətlə bağlı səhvə yol verdiyinizi düşünmürsüz?
– Mertlə bağlı səhv etdiyimizi düşünürük, amma Yusuf Lavalla bağlı yox. Oyunun gedişatı bizi qane etsəydi, Yusufu meydana buraxmayacaqdıq. O, “Zirə” ilə oyundan əvvəl zəhərlənmişdi. İstəmirdik ki, bu gün oynasın. Oynamamağının səbəbi sırf bu idi. Yusuf tam hazır deyil, çox əziyyət çəkirdi.
– Fərid Yusufli öndə oynasa daha faydalı olmaz?
– Xeyr, daha öndə oynasa, ondan əsər-əlamət qalmaz. Fəridin kreativliyi çatışmır, sırf dağıdıcı oyunçudur. Ondan tələblərimiz başqadır. Bəlkə də ilk dəfə bu cür artmosferdə oynayırdı. Bu da oyununa təsir edə bilər.
– Uqo Baştonun komandadan getməsinin səbəbi nədir?
– Burada olan durumundan məmnun deyildi. Həmişə oynamaq istəyirdi. Amma onun istəyi yalnız dildə idi. Onu başa salırdım ki, çox çalışmalıdır. Vəziyyəti bir-birimizə izah etdik. Uqoya dedim ki, bu durumla burada oynaya bilməzsən. O da getmək qərarı verdi. (Sportal.az)