"Özümü Mario Mustapiçdən zəif görmürəm" - "Kəpəz"in qapıçısı
“Kəpəz”in qapıçısı Kamran İbrahimovun Msport.az-a müsahibəsi
– “Kəpəz”də işləriniz, deyəsən, yaxşı getmir. Hazırda əvəzedici komanda ilə məşq etsəniz də, oyunlara çıxa bilmirsiniz. Səbəb nədir?
– Əvəzedici komandada olmağım baş məşqçinin qərarıdır. Yəqin ki, planlarına daxil olmadığım üçün məni ikinci komandaya göndərib. Bilirsiniz ki, əvəzedicilərdə limit var. Buna görə də sahə oyunçularına daha çox üstünlük verilir və mən oynaya bilmirəm.
– Halbuki “Kəpəz”ə böyük ümidlərlə getmişdiniz…
– Bir anda şanssızlıq oldu. Komandanın əsas qapıçısı idim. Məşqlərin birində zədə aldım. Sağaldıqdan bir az sonra yenidən zədələndim. Sonra yenə sağalıb, zədəmi yenilədim. Komanda ilə normal məşq edə bilmədim. Sırf zədəmə görə uşaqlar mənə ehtiyatla yanaşırdılar. Məşqçilər heyəti riskə getmək istəmirdilər. Çünki heç nədən sıradan çıxırdım. Üstümdə bəxtsizlik var idi. Qara zolağa düşmüşdüm. Son olaraq “Sumqayıt”la kubok oyununda başımdan xəsarət aldım. Bundan sonra baş məşqçi məni oynatmamağa qərar verdi. Böyük ümidlərim var idi. Özümü göstərəcəyimə inanırdım.
– Zədələr komandaya Yaşar Vahabzadənin başçılıq etdiyi dönəmdə oldu?
– Xeyr. Yaşar müəllim sonuncu dəfə “Səbail”ə 1:4 hesabı ilə uduzandan sonra istefaya göndərildi. Bizi “Qarabağ”la oyuna Xaliq Mərdanov çıxardı. Start heyətində meydana çıxdım və yaxşı oyun göstərdim. Xaliq müəllim 1 oyunluq baş məşqçi təyin olunmuşdu. Daha sonra Tərlan Əhmədov gəldi. Onun rəhbərliyi altında ilk oyunumuzu “Turan Tovuz”a qarşı keçirdik. Onda da ilk “11-lik”də idim. Ardınca “Şamaxı” ilə oyuna hazırlaşırdıq. Həmin görüşdə də qapını mən qorumalı idim. Sadəcə, zədəyə görə planlar dəyişdi.
– Əvəzedici komandaya göndərilmək qərarını necə qarşıladın?
– Mən bunu özümə qarşı haqsızlıq hesab edirəm. Çünki Tərlan müəllimin vaxtında səhv etməmişəm, özümü zəif tərəfdən göstərməmişəm. Bura gələn əcnəbi bizimkilərdən ən azı 2 baş üstün olmalıdır. Özümü Mario Mustapiçdən zəif görmürəm. Soruşsaz ki, Mustapiç, yoxsa Kamran, hamı mənim adımı çəkər. Amma bu gün mənim yerimə xarici qolkiper gəlib. Təbii ki, bununla razı deyiləm, açıq-aşkar haqsızlıqdır.
– Sizcə, yerli məşqçilərin əcnəbi qapıçı sevdası nədən qaynaqlanır? Bu gün “Sabah”ın baş məşqçisi Murad Musayev gənc və yerli qolkiperə şans verir, azərbaycanlı mütəxəssislər isə əcnəbilərə güvənir…
– Mən özüm də “Neftçi”də Roberto Bordinlə işləmişəm. O, daha çox yerli qapıçılara güvənirdi. Səbəbi mənə də maraqlıdır. Yalnız Qurban Qurbanov, Samir Abasov kimi mütəxəssislər azərbaycanlı qapıçılara şans verir. Digərləri əcnəbilərə qaçırlar. Baxırsan ki, əlindəki material gətirdiyindən üstündür, amma yanlış seçim edirlər.
– “Kəpəz”in ətrafında çox söz-söhbət dolaşır, hər gün yeni qalmaqal baş verir. Bu, nədən qaynaqlanır?
– Mən bu məsələlərə qarışa bilmərəm. Çünki “Kəpəz”in oyunçusuyam. Səbəbi bilsəm də, bilməsəm də, şərh vermərəm. Burada olanlar mənimlə qalacaq.
– “Neftçi”ni “Kəpəz”ə dəyişdiyiniz üçün peşmansınız?
– Risk etdim. Bəlkə də orada qalsaydım, peşman olardım. Öz seçimim oldu, kiminsə sözü ilə addım atmadım. Qərarımın arxasındayam.
– Yəqin ki, mövsümün sonunu gözləyirsiniz…
– Bəli. Ümid edirəm ki, daha yaxşı təkliflər olar. Görürəm ki, Gəncədə alınmır.
– Qış fasiləsində təklifləriniz var idi?
– Olsaydı, gedərdim. Komandaların heyəti komplektləşib. İndiki məqamda ən yaxşısı “Kəpəz”də qalmaq idi.
– Hazırda Tərlan Əhmədovla münasibətiniz necədir?
– Məni əvəzedici heyətə göndərəndən sonra qarşılaşmamışıq.
– Üz-üzə gəlsəniz, ilk sözünüz nə olar?
– Kinli insan deyiləm. Salam verib, salamını alaram. Artıq heç nə olmaz.
CAHİD