"Özümü yaxşı tərəfdən göstərməyə vaxt olacaq" - Ahmed Ayzaya
“Kəpəz”in yeni transferi Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlama verib.
Msport.az xəbər verir ki, nigeriyalı futbolçu Gəncə klubundakı debütündan danışıb:
“Oyundan-oyuna, gündən-günə inkişaf edirik. Fikrimcə, “Qəbələ”yə qarşı görüşdə “Neftçi” ilə matçdan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var. Hər oyundan sonra çatışmazlıqları təhlil edirik, harda nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, səhvlərdən dərs çıxaraq, öyrənək, verilən tapşırıqları yerinə yetirək”.
Ayzaya ötən tur “Qəbələ” ilə görüşdə “Kəpəz”də debüt edib. Futbolçu “sarı-göylər”in heyətində ilk oyunu haqda fikirlərini də bölüşüb: “Komandaya yaxınlarda qoşulduğumdan yeni futbolçu sayılıram. 90 dəqiqə meydanda oldum, mübarizə apardım. Bəzən alındı, bəzən isə alınmadı. Məğlubiyyəti nəzərə almasaq, mənim üçün yaxşı oyunun olduğunu deyə bilərəm. Qarşıda çoxlu matçlar var. Özümü yaxşı tərəfdən göstərməyə vaxt olacaq. Hər gün məşqlərdə daha yaxşı olmağımız üçün çalışırıq. “Səbail” ilə görüşdə də hədəfimiz layiqincə mübarizə aparıb, qələbə qazanmaqdır. Hazırlığımız yaxşı keçib, gücümüzü meydanda göstərməliyik”.
26 yaşlı legioner “Kəpəz”in Gəncədə oynaya bilməməsinə təəssüflənir: “Təbii ki, komandamız təmsil etdiyi şəhərdə, doğma meydanda oynamalıdır. Onda daha yaxşı şəkildə mübarizə apara, nəticələr qazana bilərik. Çünki meydan və xüsusən də azarkeş amili həlledicidir. Fanatların güclü dəstəyinə ehtiyacımız var”.