featured-image-35924

Bu gün Azərbaycanın I və II Liqasının püşkü atılıb.

Msport.az xəbər verir ki, mərasimdə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov iştirak edib.

Abbasov püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Aşağı liqa klublarının kubokda iştirakı necə nəzərdə tutulub?
– Bilirsiniz ki, əvvəllər kubokda iştirakı məsələsi klubların müraciəti əsasında tənzimlənirdi. Bu ildən İdarə heyətinin qərarına əsasən I və II Liqa klublarının müvafiq mərhələlərdən kubokda iştirakı nəzərdə tutulub. İlk dəfə I təsnifat mərhələsində II Liqa klubları iştirak edəcək. Ardınca mərhələli şəkildə digər komandalar ölkə kubokuna qoşulacaq. I və II mərhələ, həmçinin 1/8 final bir oyundan ibarət olacaq, ¼-dən etibarən ev-səfər prinsipi həyata keçiriləcək.

– I və II Liqa komandalarının əksəriyyəti bölgə komandalarıdır. Oyunlar isə həftəiçi keçiriləcək ki, bu da tamaşaçı sayına təsirsiz ötüşməyəcək. Bu liqaların oyunlarını 6-cı və bazar günlərinə salmaq barədə düşünmüsünüzmü?
– Bilirsiniz ki, əvvəl çempionatımız 8 komandalı idi. Əvəzedicilər və I Liqa klubları bir turnirdə iştirak edirdilər. Etiraf edək ki, həm təşkilatçılıq, həm hakimlik, həm də nümayəndələr üçün elə daha rahat idi. PFL olaraq 44 komandayla ünsiyyətdəyik. Həftəsonu Premyer Liqa qarşılaşmaları olduğu üçün yayımçı şirkət, PFL, hakimlik, nümayəndəlik – hər kəsin diqqəti həmin oyunlarda olur. Bu cəhətdən istəməzdik ki, aşağı liqa klublarının görüşləri nisbətən diqqətdənkənar qalsın. Hazırkı dövr üçün Premyer Liqa oyunlarının cümə, şənbə və bazar, Əvəzedicilər liqasının oyunları PL-dan 1 gün sonra, II Liqanın görüşləri bazar ertəsi və çərşənbə axşamı, I Liqanın matçlarının isə çərşənbə və cümə axşamı keçirilməsi nəzərdə tutulub. Lakin istənilən halda, növbəti mövsümlər üçün məsələ müzakirə edilə bilər. Həmçinin, infrastrukturla bağlı amili qeyd etməliyəm. Əgər stadionda projektorlar varsa, infrastruktur imkan verirsə, matçları axşam saatına sala bilərik ki, daha çox tamaşaçı stadiona gələ bilsin.

– I və II Liqa komandalarının oyunlarında formaların arxasına adlar yazılmır. Belədə xüsusən jurnalistlər üçün futbolçuları müəyyənləşdirmək baxımından çətinlik yaranır. Bunu tələb kimi qoymaq olarmı?
– Reallığı nəzərə alıb danışmalıyıq. Elə komandalar var ki onlar formalarının sayını təmin etməkdə çətinlik çəkirlər. Reallıqla tələbləri uzlaşdırmalıyıq ki, həm liqa, həm də klublar arasında balans yaransın. Formaya adın yazılması Premyer Liqa üçün məcburidir. Digər liqalardakı klublarımız üçün tövsiyə xarakterlidir.

Bənzər xəbərlər