Premyer Liqa klublarımız cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, “Səbail” klubu 1300 manat cərimələnib.
Buna “dənizçilər”in evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur matçında yaşananlar səbəb olub.
Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.
“Qarabağ” isə 700 manat cərimələnib. Buna “köhlən atlar”ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması səbəb olub.
“Neftçi” – “Zirə” matçının (2:1) fasiləsində meydana kənar şəxslər girdiyindən “ağ-qaralar” 800 manat ödəyəcək. “Sabah” isə “Turan Tovuz”la qarşılaşmada (1:1) dörd futbolçusu sarı vərəqə aldığından 700 manat ziyana düşüb.
“Sumqayıt” – “Şamaxı” (2:1) oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.