featured-image-30091

İyunda “Qarabağ”ın 8 futbolçusunun müqaviləsi başa çatır. Son vaxtlar Ramil Şeydayevin komandada qalıb-qalmayacağı daha çox müzakirə olunur. Bu da təbiidir. 27 yaşlı hücumçu 22 qolla çempionatın ən sərrast oyunçusudur, həm də millimizin üzvü Ağdam klubu ilə müqaviləni uzatmaqda həvəsli deyil.

Msport.az xəbər verir ki, Şeydayevdən başqa, daha 7 futbolçunun anlaşması iyunda başa çatacaq.

Filip Ozobiç

Onlardan böyük ehtimalla Filip Ozobiç klubdan ayrılacaq. 32 yaşlı yarımmüdafiəçidə əvvəlki cəldlik, sürət qalmayıb. “Qarabağ” onun yerinə daha yaxşı keyfiyyətlərə malik gənc oyunçu almaq istəyir. Sadəcə Ozobiç yerli futbolçudur, legioner sayılmır. Bununla belə, onun komandanı tərk edəcəyi dəqiq görünür, yığmamızın üzvü özünə yeni klub axtarır. Hətta onun adı “Neftçi” ilə yanaşı hallanır.

Bədavi Hüseynov 

2012-ci ildən “Qarabağ”da olan Bədavinin yeni müqavilə bağlayacağı heç kimdə şübhə doğurmur. Biz mərkəz müdafiəçisini hələ bir neçə il  bu komandada görəcəyik.

Rahil Məmmədov 

“Qarabağ” daha yaxşı variant tapsa, Rahili yenidən icarəyə verə bilər. 27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada cəmi 12 oyunda meydana çıxdı. Məmmədov nadir hallarda heyətə düşür. Onun özü üçün də ən yaxşı variant daim oynayacağı kluba getməkdir.

Maksim Medvedev, Qara Qarayev 

Kapitanların da müqaviləsi iyunda başa çatır. Ümumiyyətlə, mənə elə gəlir ki. bu iki futbolçu karyeralarını “Qarabağ”da başa vuracaqlar. Onlarla müqqavilənin uzadılması problem olmamalıdır.

Abbas Hüseynov

Abbas zədə səbəbindən mövsümün əksər hissəsini yaşıl meydanlardan kənarda keçirdi. O, zədə almamışdan qabaq da öz mövqeyində rəqabətdə Veşoviçə uduzmuşdu və heyətə düşmürdü. “Qarabağ” bu mövqeyə oyunçu tapsa, Abbasla vidalaşa bilər.

Riçard Almeyda 

Bu günlərdə Azərbaycan millisindəki karyerasını başa vurduğunu açıqlayan Almeyda bundan sonra bütün diqqətini kluba yönəldəcək. Riçard 34 yaşı olmasına baxmayaraq, mövsümü çox yaxşı keçirdi. Daha az əməkhaqqına razılaşıb “Qarabağ”da qalan futbolçu ilə yəqin ki, 1 illik müqavilə imzalanacaq.

AYXAN 

Bənzər xəbərlər