“Qarabağ” hələ bir qədər "çiy"dir" - Belaruslu məşqçi
Belaruslu mütəxəssis Oleq Dulub UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Dinamo” – “Qarabağ” (1:0) oyununu dəyərləndirib.
Msport.az xəbər verir ki, “Ukrainskiy futbol” nəşrinə danışan LNZ, “Çernomorets”, “Karpatı”nın sabiq baş məşqçisi Bakıdakı cavab görüşündə “Dinamo” üçün çətin olacağını deyib. .
– Oleq Anatolyeviç, bilirəm ki, bu oyunu Lyublində stadiondan izləyirdiniz. “Dinamo”nun “Qarabağ”la oyunu sizdə hansı təəssürat yaratdı?
– Açığı, təəssüratlar kifayət qədər müsbətdir. Amma Nikolay Şaparenko iki qol imkanını dəyərləndirsəydi, hər şeyi həll etmək olardı. Məncə, 2:0 hesabı “Dinamo”nun növbəti mərhələyə yüksəlməsi üçün tam kifayət edərdi.
– İndi isə Kostyukun komandasını səfər oyunu gözləyir. Qarşıda Bakıda ən azı daha iki hissə var…
– Elədir. Orada onları kifayət qədər yaxşı komanda gözləyir. Hazırda “Qarabağ” hələ bir qədər “çiy”dir. Görünür ki, komandanın oyun əlaqələri çatışmır, mexanizmlər tam oturuşmayıb. Futbolçular yüksək səviyyəlidirlər, amma vəziyyət hələlik belədir. “Qarabağ”ın heyətində çoxlu yeni oyunçu var. Bununla belə, həm komandada qalan, həm də transfer olunan futbolçuların səviyyəsi kifayət qədər yüksəkdir.
Üstəlik, Lyublində meydança çox sürətli və keyfiyyətli idi. Texnikalı futbolçular üçün bu, ideal şəraitdir. Onların topla davranışı, xətlər arasına şaquli ötürmələr axtarması… Bu, kifayət qədər ciddi rəqibdir və “Dinamo”nun ilk oyunda qalib gəlməsi çox yaxşı oldu.
– Oyunun gedişinə əsasən qələbə “Dinamo”nun haqqı idi? Kiyevlilər həqiqətən “Qarabağ”dan güclü idilər?
– Mən belə deyərdim: yəqin ki, bu qələbə daha çox “Dinamo”ya lazım idi. Topa sahibolma faizinə baxsaq, üstünlük “Qarabağ”ın tərəfində idi. Amma yaradılan qol epizodlarına görə “Dinamo” öndə idi.
Xüsusilə də oyunun sonlarında: əvvəlcə Şaparenkonun qapıçı ilə təkbətək çıxışı oldu, sonra isə “Dinamo”nun sol cinah oyunçusunun Ponomarenkoya ötürməsi, onun topu geri qaytarması, lakin mərkəz müdafiəçisinin ötürməni kəsməsi epizodu yaşandı. Əgər həmin ötürmə ünvanına çatsaydı, daha bir təkbətək vəziyyət yaranacaqdı.
– Görünürdü ki, “Qarabağ” “Dinamo”nun əks-hücumlarına qarşı çətinlik çəkir…
– Aşağı blokda “Qarabağ” özünü rahat hiss edir: texnikalı futbolçular sürətlə qısa paslarla oynayır, rəqibləri keçirlər. Amma orta blokda onların müdafiəçilərin arxasına təhlükəli ötürmələrlə oyunu kəskinləşdirdiyini görmədim. Nə ara zonalara, nə də zərbə üçün uyğun ötürmələr oldu. Bundan başqa, “Qarabağ” bütün standart vəziyyətləri oynayaraq həll etməyə çalışırdı, amma hava toplarında üstünlük tamamilə “Dinamo”nun tərəfində idi.







