"Qarabağ" illərdir ulduz futbolçulara qarşı oynayır" - Vaqif Cavadov
Azərbaycanın veteran futbolçusu, hazırda “Sumqayıt”da çalışan Vaqif Cavadovun Msport.az saytına müsahibəsi
– Premyer Liqanın son turu “Qarabağ” – “Neftçi” derbisi ilə əlamətdar oldu. Prinsipial qarşılaşma “Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatdı. Oyunu necə şərh edərdiniz?
– Çox maraqlı oyun oldu. İki fərqli hissə izlədik. Azarkeşlər gərgin mübarizə izlədilər. “Neftçi” birinci, “Qarabağ” isə hər iki hissədə gözəl oynadı. Səhvsiz oyun yoxdur. Qonaq komandada səhvlər daha çox oldu. Rəqibə boşluqlar verdilər. “Qarabağ” isə bir daha öz səviyyəsini sübut etdi. Bu rəqibə qarşı oynamaq hər komanda üçün çətin olacaq. Amma “Neftçi” də zəif deyil. Çox yaxşı oynayırlar. Sadəcə, bəzi nöqsanları aradan qaldırmaq üçün daha ciddi hazırlaşmaq lazımdır. Bundan sonra çempionluq qazana, digər uğurlara imza ata bilərlər. Fikrimcə, komandaya vaxt verilməlidir. Ən azı qışadək gözləmək lazımdır.
– Demək olarmı ki, “Qarabağ” bu qələbə ilə yenə çempionluğa əsas namizəd olduğunu göstərdi?
- Mövsüm uzundur. Amma əlbəttə ki, çempionluğa əsas namizəddir. Bunu heyəti, öz oyunu ilə göstərir. “Neftçi” üzərində qələbə də sübut etdi ki, bütün matçlarda yüksək səviyyədə hazırlaşırlar. Futbolda ən önəmli şey motivasiyadır. “Qarabağ”da isə bu istək həm daxili, həm də beynəlxalq oyunlarda nəzərə çarpır. Belədə hər zaman nəticə də olur.
– Necə düşünürsünüz, Laurentsiu Regekampfın şəxsi həyatındakı qalmaqal bu matça nə dərəcədə təsir etdi?
– Baş məşqçinin şəxsi həyatı ilə maraqlanmıram. Amma inanmaq istəmirəm ki, hər hansı hadisənin komandaya təsiri olsun. Ümid edirəm ki, “Neftçi” tezliklə azarkeşlərin istədiyi kimi özünü doğruldacaq.
– Bu mövsüm çempionluğa namizədlərdən biri də “Sabah” hesab olunur. “Qarabağ” artıq bu komandaya qarşı oynayıb və çətin qələbə qazanıb. Sizcə, “köhlən atlar”a çempionluq yolunda “Neftçi”, yoxsa “Sabah” daha ciddi müqavimət göstərə bilər?
- Çempionat çox maraqlı keçir. Namizədlər siyahısına “Zirə” və “Qəbələ”ni də əlavə edərdim. Sonluğu kim yaxşı gətirə bilsə, o da çempion olacaq. Əlbəttə, əsas favoritlər “Qarabağ”, “Neftçi” və “Sabah”dır. Hər şeyi zaman göstərəcək. Amma hər an hər şey baş verə bilər. Ona görə də əsas sonluqdur.
– “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstan “Olimpiakos”u ilə oyundakı şanslarını necə dəyərləndirirsiniz?
– Oyundan-oyuna fərq var. Eyni səviyyədə mübarizə aparmaq çox çətindir. Amma sevindirici haldır ki, “Qarabağ” son matçlarda sabitlik nümayiş etdirir. Bu çox böyük nailiyyətdir. Futbolçular özlərini hər oyuna eyni səviyyədə kökləyə bilirlər. Əlbəttə, burada baş məşqçi amili də var. Bu matçdakı nəticə Ağdam klubu üçün yeni qapılar aça, təcrübə qazandıra bilər. Uzun illərdir azarkeşlik etdiyimiz komandaya uğurlar arzu edirik. Onlara dəstək olmaz lazımdır. Ümid edək ki, yeni uğurlarla xalqımızı sevindirəcəklər.
– Rəqibin heyətində ulduz futbolçular var. Bu, “Qarabağ”a probelm yarada bilər?
– “Qarabağ” illərdir ulduz futbolçulara qarşı oynayır, əsl komanda oyunu göstərir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular da var. Çox maraqlı oyun olacaq. Ulduzlardan ibarət komandaya qarşı ikiqat motivasiya ilə oynayacaqlar. İnanıram ki, qalib gələcəklər.