featured-image-67385

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” olacaq.

Msport.az xəbər verir ki, İrlandiya çempionu turnirin ilk təsnifat mərhələsində “Linfild”i (Şimali İrlandiya) məğlub edib.

Baş məşqçi Cozef Obrayanın yetirmələri “Tolka Park”da ev qələbəsinə seviniblər – 1:0. Səfərdəki 1:1 hesablı bərabərlik isə mərhələ keçməyə kifayət edib.

Əsası 1895-ci ildə qoyulan “Şelburn” 130 illik yubileyini qeyd edir. Ölkənin paytaxtı Dublinin Dramkondra rayonunu təmsil edən klub yarandıqdan 9 il sonra İrlandiya Futbol Liqasına daxil olub. 1921-ci ildə İrlandiya Liqasının yaradıcılarından olan “Şelburn” 1925-26 mövsümündə ilk çempionluğuna sevinib. Ümumilikdə isə komandanın hesabında 14 qızıl medal var.

2024-cü il mövsümündəki çempionluqla klubun 18 illik həsrətinə son qoyulub. Bunadək son çempionluğu 2006-cı ilə təsadüf edən komanda bir neçə dəfə aşağı dəstəyə düşüb və geri qayıdıb.

“Qırmızı-ağlar” 3 dəfə İrlandiya kuboku, 1 dəfə Liqa kuboku 7 dəfə İrlandiya Futbol Assosiasiyasının kubokunu, 1 dəfə ölkə Superkubokunu qazanıb.

Avrokuboklarda 1962/63 mövsümündə debüt edən komandanın uğurları o qədər də çox olmayıb. 2004-05 mövsümündə Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksələn “Şeıburn” İrlandiya futbolunda tarixi uğuru gerçəkləşdirib.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyun iyulun 23-də səfərdə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması iyulun 30-da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər