featured-image-81838

“Qarabağ” zədəli futbolçularının durumları ilə bağlı məlumat yayıb.

Msport.az xəbər verir ki, Ağdam klubunda Pedro Bikalyo, Renaldo Sefas, Zakaria Savo və Elvin Cəfərquliyev zədə səbəbindən UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” ilə ilk oyununu buraxmalı olmuşdular.

Bikalyonun zədəsi artıq tam sağalıb. O, komanda ilə məşqlərə qoşulub.

Sefasın müalicəsi davam edir. Futbolçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun “Tvente” ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar onun son vəziyyəti nəzərə alınmaqla veriləcək.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.

İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə məsləhətləşmədən sonra futbolçunun əməliyyat olunmasına qərar verilib.

İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.

Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.

Bənzər xəbərlər