"Qarabağ" istədiyi formaya çatmayıb" - Keçmiş qapıçı Şahruddinlə bağlı suala cavab vermədi
Milli komandamızn sabiq qapıçısı, hazırda AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadənin Msport.az saytına müsahibəsi
– “Qarabağ”ın Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununu necə şərh edərdiniz?
– Matçda 1-2 maraqlı məqam diqqətimi çəkdi. Hansı ki, “Qarabağ”ın lehinə deyildi. Komanda əvvəlki oyun üslubunu qoruyub saxlasa da, bəzən tempdən düşmələr olurdu. Futbolçular intensivliyi istənilən səviyyədə saxlaya bilmirdilər. Buna görə də zaman-zaman oyundan qopmalar baş verirdi. Lakin çətin vəziyyətdə olsaq da, hesabı xeyrimizə dəyişə bildik.
– “Rakuv” “Qarabağ”ın indiyədək məğlub etdiyi digər Polşa klublarında nə ilə fərqləndi?
– Demək olar ki, heç nə ilə. Sıradan Polşa klubudur. Sadəcə, “Qarabağ” istədiyi formaya çatmayıb. Ona görə belə nəticə oldu. Fikrimcə, Ağdam klubu oyundan-oyuna artırıb müsbət nəticələr əldə edəcək”.
– Keçmiş qapıçı kimi, sizcə, məğlubiyyətdə Şahruddin Məhəmmədəliyevin nə dərəcədə rolu oldu?
– Dünəndən hamı Şahruddindən danışır. Mən bu suala cavab vermək istəmirəm.
– Bakıdakı cavab oyunundan nə gözləyirsiniz?
– Düşünürəm ki, cavab görüşündə “Qarabağ”a asan olmayacaq. Çünki rəqib artıq bizi yaxşı analiz edib. Müdafiə futbolu oynasalar, qol epizodları yaxalamaq asan olmayacaq. Amma biz “Qarabağ”a bələdik. Lazımi nəticəni ən pis halda əlavə vaxtda qazana biləcək gücdədirlər. Onu da nəzərə alaq komanda yeni mərhələyə qədəm qoyub. Bəzi oyunçular gedir, yeniləri gəlir. Ehtiyatda qalan futbolçular əsas heyətə düşürlər. Bu da ümumi nəticədə öz əksini tapır.
– Konfrans Liqasında çıxış edən “Sabah” avrokuboklardakı ilk oyununda Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəldi. Murad Musayevin komandasının debütünü necə qiymətləndirirsiniz?
– “Sabah”ın debütünü müsbət dəyərləndirirəm. Avrokuboklardakı ilk mövsümdə, özü də birinci oyunda qələbə qazanmaq vacib idi. Bu, həm psixoloji, həm də oyunçuların keyfiyyətini meydanda göstərməsi baxımından önəmlidir. Rəqib də kifayət qədər yaxşı epizodlar yaxaladı. Sadəcə, ya qapıçı, ya da futbolçular diqqətli oynadılar. Qələbə “Sabah”ın haqqı idi. Rəqib bəzi epizodlarda üstünlük yaxalasa da, komandamız qapısını toxunulmaz saxlaya bildi.
– Bəs, cavab qarşılaşması barədə nə deyə bilərsiniz?
– Cavab oyununda “Sabah”a daha çətin olacaq. Çünki rəqib təzyiqi bir az da artırıb qol epizodları yaratmağa çalışacaq. Zənnimcə, oyun planında heç nə dəyişməyəcək. Sadəcə, “Sabah” kəskin əks-hücumlar yaxalaya bilər. Bunu öz çempionatımızda dəfələrlə görmüşük. Həmin epizodlardan birini qola çevirə bilsələr, matçın taleyi həll olunacaq.
CAHİD