"Qarabağ"la oyundan sonra azarkeşləri söyən futbolçu üzr istədi
Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra yerli azarkeşləri söyən “Olimpiakos”un futbolçusu Pape Abu Sisse etdiyi hərəkətə görə peşman olub.
Msport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi instaqram səhifəsində paylaşım edərək, azarkeşlərdən üzr istəyib.
Seneqallı oyunçu bildirib ki, son vaxtlar psixoloji durumu yerində olmadığı üçün bu səhvə yol verib: “Məni yaxşı tanıyır, “Olimpiakos”u nə qədər çox sevdiyimi bilirsiniz. Oyundan sonra səhv etdim, ailəmlə bağlı sərt və təhqiredici ifadələr eşidəndə özümü itirdim. Buna görə bütün “Olimpiakos” ailəsindən, məşqçilərdən, komanda yoldaşlarımdan, rəhbərlikdən və hər şeydən əvvəl fanatlarımızdan üzr istəyirəm. Ümid edirəm ki, məni bağışlayacaqsınız, çünki bütün bu illər ərzində mən sizlərdən biri olduğumu göstərmişəm. Komandamız üçün sonsuz həvəslə bütün gücümü ortaya qoymağa davam etmək istəyirəm”.







