featured-image-52596

“Ludoqorets”in Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olması Bolqarıstan mətbuatında böyük ajotaj doğurub.

Msport.az xəbər verir ki, sportal.bg saytı Razqrad şəhərində keçirilmiş matçla bağlı yazısına “Qarabağ” “Luoqorets”i Çempionlar Liqasında gülüş obyektinə çevirdi” başlığı qoyub:

“Ludoqorets” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Qarabağ”dan ağır, biabırçı məğlubiyyət aldı. “Qartallar” Razqradda Azərbaycan çempionuna 2:7 hesabı ilə uduzaraq, bir həftə əvvəl Bakıda əldə etdikləri 2:1 hesablı qələbəni mənasız ediblər. İki oyunun nəticəsinə görə 4:8 hesabı ilə uduzan “Ludoqorets” qitənin ən nüfuzlu turnirindən şərəfsiz məğlubiyyətlə vidalaşdı.

Juninyo 6-cı dəqiqədə Verdonun səhvindən istifadə edərək hesabı açdı. Lakin Kvadvo Dua 13-cü dəqiqədə fərqlənərək hesaba tarazlıq gətirdi. O, 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirərək komandasını iki oyunun nəticəsinə görə hesabda 2 top fərqlə önə keçirdi. Bu andan etibarən oyun “qartallar” üçün tam fiaskoya çevirildi. Hissənin sonlarında azərbaycanlılar Benzianın dəqiq yerinə yetirdiyi penaltidən (45+1) və Patrik Andradenin qolundan sonra yenidən hesabda önə çıxdılar.

Əsas vaxt 3:2 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı. Hərçənd azərbaycanlılar elə əsas vaxtda da məsələni həll edə bilərdilər, lakin 77-ci dəqiqədə top dirəkdən döndü.

“Qarabağ” heyətində veteranlar Çoçev, Nedelev, Delevin çıxış etdiyi “Ludoqorets”i əlavə vaxtda məğlub etdi. Bayramov, Patrik Andrade, Cica və Benziyanın qolları sayəsində 2:7 hesabı qeydə alındı.

Maraqlıdır ki, qonaqların heyətində vaxtilə Bolqarıstan çempionatında oynamış 3 futbolçu var idi. Patrik Andrade və onun əmisi oğlu Leandro Andrade (burda müəllif səhvə yol verir, Leandro və Patrik qohum deyil-red) “Çernamorets”də, Mateus Silva isə “Lokomotiv”də (Plovdiv) çıxış edib.

Bolqarıstan çempionu satışa çıxarılan bütün biletləri satmışdı, bu isə o deməkdir ki, oyunu 8 min azarkeş izləyirdi.

Alçaldıcı məğlubiyyət “qartallar”ı Avropa Liqasının pley-offuna apardı. Onlar qitənin ikinci nüfuzlu klub turnirinə vəsqə qazanmaq üçün Moldovanın “Petrokub” klubu ilə gərgin oyunlar gözləyir.

Bənzər xəbərlər