"Qarabağ" üçün ən böyük motivasiya odur ki, taleyi öz əlindədir" - Səbuhi Səfiyarlı
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində son oyununa çıxacaq. Azərbaycan çempionu Tofiq Bəhramov adına stadionda qrupda 1-ci yeri özünə təmin etmiş “Frayburq”la qarşılaşacaq.
Tanınmış menecer, ekspert Səbuhi Səfiyarlı Msport.az-a müsahibəsində Ağdam klubunun şanslarını dəyərləndirdi.
- “Qarabağ”ın qrupdan çıxmaq şansları öz əlindədir. Hansısa rəqibin oyunundan, nəticəsindən heç nə asılı deyil, qələbə qazanacaqları halda 2-ci yeri tutacaqlar. Üstəlik də, “Frayburq” artıq qrupda 1-ci yeri özünə təmin etdiyindən o qədər də motivasiyalı olmayacaq. Amma bir məsələ var ki, “Frayburq” son həftələrdə çox yaxşı çıxış edir. Almaniya klubu “Qarabağ”la birinci oyuna qədər Bundesliqada lider idi. “Qarabağ”la görüşdən sonra isə 5 qarşılaşmadan üçündə heç-heçə etdi, bir oyunda da “Bayern Münhen”ə 0:5 uduzdu. Yəni həmin vaxt bir müddər eniş yaşadılar. Ancaq son həftələrdə keçirdikləri 3 matçın hamısında – “Sankt Pauli”, “Verder” və “Şalke” üzərində qələbə qazanıblar. Komandanın yüksəlişdə olduğunu deyə bilərik.
- “Frayburq”un baş məşqçisi dünən mətbuat konfransında heyətdə bəzi dəyişiklərin ola biləcəyini istisna etmədi. Hətta qapıçını da əvəzləyəcəyinə işarə vurdu.
- “Olimpiakos”la görüş onlar üçün elə də vacib olmasa da, ikinci heyətlə oynamadılar. Müdafiə xətti tamamilə yerində idi. Ön xətdə olan aparıcı oyunçular da meydana çıxdılar. Həmin qarşılaşmada çox dəyişikliyə getməyiblərsə, Bakıda da böyük rotasiya edəcəyinə inanmıram. Alman klubları adətən 3 gündən bir meydana çıxırlar deyə, oyunçuları buna alışdırmaq üçün bütün görüşlərdə şans verirlər. “Frayburq”un zəif heyətlə oynayacağını düşünmək, yanlış oldrdı. Amma rəqibin baş məşqçisinin heyətdə dəyişikliklər etmək ehtimalı çoxdur. Uzun yol gəliblər, yenidən eyni marşrutla geri qayldacaqlar, həftəsonu da çempionatda vacib oyunları var. Ona görə də bəzi futbolçularına istirahət verə bilər. Lakin “Frayburq” elə komandadır ki, ehtiyatda olan oyunçular da yüksək keyfiyyətə malikdirlər. Daim rotasiyalar olduğu üçün heç biri oyun təcrübəsindən əziyyət çəkmirlər. Onların heyətində hansısa itkilərin olması “Qarabağ” üçün üstünlük deyil. Baş məşqçinin nə dediyinə fikir vermək, onun əsasında nəsə formalaşdırmaq doğru olmazdı. Adətən, baş məşqçilər mətbuat konfranslarında heç də həmişə düzgün fikir formalaşdıran sözlərdən istifadə etmirlər. Bəzən rəqibi yanıltmaq, motivasiyasını azaltmaq üçün müəyyən fikirlər səsləndirirlər. Sadəcə onu bilirik ki, 3-4 futbolçunu Bakıya gətirməyiblər və onlar da son matçlarda heç də əsas heyət oyunçuları kimi meydana çıxmayıblar.
- Ozobiçin olmaması Qurban Qurbanovun irəli xətdə manevr imkanlarını nə dərəcədə azaldır?
- Ozobiçin zədələnməyi heç yerinə düşmədi. Çünki son oyunlarda yaxşı təsir bağışlayırdı. Amma bu itkiyə görə ruhdan düşməyə dəyməz. Yada salaq ki, “Frayburq”la ilk oyunda Ozobiç ehtiyatda qaldı və Qurban Qurbanov onun xidmətindən istifadə etmədi. İndi də eyni vəziyyət yaranıb. İtki olsa da, komandanın mübarizə əzmini azaldacaq itki deyil. Onun əvəzinə çox güman ki, Ramil Şeydayev meydana çıxacaq. Düzdür, Ozobiç sonradan oyunu dəyişən fiqurlardan biri ola bilərdi. Lakin olmamağını da böyük itki saymıram.
- “Qarabağ” qalib gəlməsə, “Olimpiakos”un “Nant”ı büdrətmə ehtimalını necə qiymətləndirmək olar?
- “Qarabağ” üçün ən böyük motivasiya odur ki, taleyi öz əlindədir. “Qarabağ” digər matçların nəticəsi yox, konkret öz oyununa köklənməlidir. Daha güclü və daha motivasiyalı “Nant”, daha zəif və daha motivasiyasız “Olimpiakos”a qarşı meydana çıxacaq. Fransa klubu bu cütün favoritidir. Çox güman ki, “Nant” bu oyunda qələbə qazanacaq.
- Bəzən belə fikirlər səslənir ki, Avroliqada 2-ci yeri tutub ÇL-dən gələn “əjdahalar”la düşməkdənsə, Konfrans Liqasına gedib daha çox irəliləmək yaxşıdır.
- Komanda iştirak etdiyi hər bir turnirdə daha yüksək yerlər uğurunda mübarizə aparır. Dörd komandalı qrupda 2-ci yeri tutmaq daha nüfuzludur və cəlbedicidir. Zəif turnirə gedib çox irəliləmək üçün aşağı yer tutmaq düzgün yanaşma deyil. Bu futbola xəyanət etmək olardı. Belə düşüncənin futbolçularda və “Qarabağ”da kimdəsə olacağını, heç ağlıma gətirmirəm. Əksinə böyük klublarla oynamaq komandanın gücünə-güc qatar, futbolçuların, klubun böyüməyinə kömək edər. Hər zaman maksimum nəticə üçün mübarizə aparmaq lazımdır.