featured-image-19586

Azərbaycan millisinin və “Qəbələ”nin yarımmüdafiəçisi Rövlan Muradovun Msport.az saytına müsahibəsi

– “Qəbələ” mövsümün ilk yarısını 5-ci pillədə tamamladı. Komandanızın çıxışını necə dəyərləndirirsiniz? Sizcə, daha yaxşısını etmək olardı?
– Tam ürəyimizcə olmadı. Çünki Konfrans Liqasında şansımız var idi. Əfsuslar olsun ki, yararlana bilmədik. Hazırda çempionatda da istədiyimiz mövqedə deyilik.

– “Qəbələ” oyun baxımından yaxşı təsir bağışlasa da, nəticə sarıdan qeyri-stabillik nəzərə çarpır. Məsələn, bəzi matçlar oldu ki, udmalı olduğunuz halda vacib xal və ya xallar itirdiniz? Bu nə ilə bağlı idi?
– Düzdür. Bir çox oyunlarda kifayət qədər qol epizodları yaxalasaq da, yararlana bilmədik və nəticədə xallar itirdik. Amma yenə də toparlanıb qələbə qazanmağa çalışdıq.

– Yəqin ki, bu mövsüm əsas hədəf kuboku qazanmaq olacaq. Hər kəs “Qəbələ” – “Neftçi” finalının olacağını düşünür. Siz necə düşünürsünüz?
– Ümid edirəm ki, finalda flaqmanla qarşılaşarıq. Amma bundan əvvəl bizi ağır yarımfinal matçı gözləyir. Bu səbəbdən maksimum dərəcədə yaxşı hazırlaşmaq lazımdır.

– Yeri gəlmişkən, kubokda “Qarabağ”ı mübarizədən kənarlaşdırdınız. Bunu sensasiya adlandırmaq olar? Yoxsa güclü olduğunuz üçün qalib gəldiniz?
– İlk növbədə bir-birimizə inandıq. Sona kimi döyüşdük və nəticədə qalib gəldik. Məncə, “Qarabağ”ın gücü hər kəsə bəllidir.

– Ötən ili şəxsi planda necə xarakterizə edərdiniz? Qarşınıza qoyduğunuz hədəflərin hamısına çata bildiniz?
– Təbii ki, qarşıma qoyduğum məqsədlərin hamısına catmadım. Hədəfim milli komandada debüt etmək idi. Qismət olmadı. İnşallah, gələn il olar. Qol və məhsuldar ötürmələrim sarıdan da vəziyyət hələlik ürəyimcə deyil.

– 2022-ci ildə sizin üçün ən yaddaqalan hadisə nə oldu?
– Avrokuboklara vəsiqə qazanmağımız, ikinci təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə matçlarda vurduğum qol və etdiyim asist daha yaddaqalan oldu.

– Çox futbolçu ölkə xaricində oynamağı arzulayır. Maraqlıdır, sizin belə bir istəyiniz varmı?
– Əlbəttə, əsas istəyim ölkə xaricində çıxış etməkdir. Bunun üçün də çalışıram. Gərək, özümü göstərim ki, xaricdən təklif də olsun.

– Hazırda heç bir təklifiniz yoxdur?
– “Qəbələ” ilə gələn ilin yayınadək müqaviləm var. Ona görə də bütün fikrimi öz komandama yönəltmişəm. Öz oyunumla “Qəbələ”yə daha cox kömək etmək və daha çox ugura nail olmaq istəyirəm. Təbii ki, komanda yoldaşlarımla birgə.

– Yeni ildən ən böyük istəyiniz nədir? Şaxta Babadan nə hədiyyə gözləyirsiniz?
– Allahdan istəyim budur ki, əsas zədə olmasın. Özümə yaxşı qollar, məhsuldar ötürmələr və parlaq qələbələr arzulayıram (gülür).

Bənzər xəbərlər