featured-image-23221

“Qəbələ”nin yeni transferi Əyyub Allaşın Msport.az-a müsahibəsi

– “Qəbələ”yə keçidiniz necə gerçəkləşdi?
– Səbuhi mənə zəng vurdu və dedi ki, “Qəbələ” səninlə maraqlanır. Beləliklə, keçid baş tutdu.
– Bura gələnədək Azərbaycan futbolu haqqında nəsə bilirdiniz?
– Bəli. Çünki ən yaxın dostum Sabir Buqrin “Neftçi”də oynayıb. Ona görə də futbolunuz haqqında az da olsa, məlumatlı idim.
– “Qarabağ”da digər həmyerliniz Abdullah Zubir çıxış edir. Yəqin ki, ondan da müəyyən məsləhətlər almısınız…
– Xeyr. Yalnız Buqrindən soruşdum. O isə müsbət fikirlər səsləndirdi.
– Zubirlə heç bir tanışlığınız yoxdur?
– Onunla heç bir əlaqəm yoxdur, amma tezliklə olar, inşallah.
– “Qəbələ” klubu, şəhər haqqında fikirləriniz necədir?
– Qəbələ çox xoşuma gəlir. Burada Belçikanın hər hansı klubundan daha çox futbol meydançası var.
– Karyeranızın çox hissəsi Belçika futbolu ilə bağlıdır. Dünən Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Gent” matçını canlı izləmisiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı…
– İki komandanın da ifasında yaxşı oyun olmadı. Amma “Qarabağ” qələbəyə layiq idi.
– Azərbaycan çempionunun Belçika klubuna qarşı bu cür oyun göstərəcəyini gözləyirdiniz?
– Açığı, mən “Qarabağ”dan daha yaxşı oyun gözləyirdim. Düşünürəm ki, dünən meydanda gördüyümdən daha iddialı komandadır.
– İlk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazandı. Şansları necə qiymətləndirirsiniz?
– Məncə, “Qarabağ” “Gent”i keçə bilər.
– Necə düşünürsünüz, Ağdam klubu Belçika çempionatında hansı yerlər uğrunda mübarizə apara bilər?
– Hesab edirəm ki, ilk “5-liy”ə düşə bilərlər.

CAHİD

Bənzər xəbərlər