Qriqorçuk necə gedəcək? İstefa, yoxsa çıxarılıb təzminat almaq?
Bu gün və ya sabah “Neftçi”də radikal qərarlar verilə bilər. “Ağ-qaralar” dünən Tovuzda “Kəpəz”ə məğlub olduqdan (3:4) sonra 4-cü yerdə gedən “Turan Tovuz”dan 10 xal geri qalır. Gözlənilirdi ki, Gəncə klubu ilə matçdan sonra Roman Qriqorçuk elə mətbuat konfransındaca istefa versin. Lakin ukraynalı mütəxəssis bu addımı atmadı. Bilmirəm, bunu Romanın psixoloji baxımdan yetərincə güclü olması ilə əlaqələndirək, yoxsa əksinə, pulun dalınca qaçacaq qədər zəif olması ilə.
Hər halda Qriqorçuk “Neftçi”nin Regekampf, Mutu, Bojoviçi necə göndərməsindən xəbərsiz olmaz. “Ağ-qaralar” adı çəkilən məşqçilərin hər birinə təzminat ödəyib. Yəqin ki, indi ukraynalı da düşünür ki, xeyir ola, onlar ala bilir, mən yox?
Dəqiq olan odur ki, dünənki məğlubiyyətdən sonra ukraynalı məşqçi “Neftçi”də qalmayacaq. Hətta deyilənə görə, Samir Abasov da artıq yol üstündədir, vaxtilə çempion elədiyi kluba qayıtmaq üzrədir.
Sadəcə bu gün və ya sabah artıq biləcəyik, Qriqorçuk necə gedir? Məsuliyyəti boynuna götürüb istefa verir (rəhbərliyin təzyiqi ilə) ya da çıxarılmasını gözləyir və qarşıdakı bir neçə ayda kompensasiyasını alıb xərcləyir. Yəqin ki, indi tərəflər arasındakı əsas müzakirə mövzusu da budur.