featured-image-1330

50 yaş artıq elə vaxtdır ki, oturub olub-keçənlərə, ömür boyu baş verənlərə yenidən nəzər salmaq, qiymət vermək olar. Əminəm ki, Qurban Qurbanov təkcə bu gün yox, hardasa ,10 ildən çoxdur ki, hər gecə yatanda özünü sorğu-sual edib günü necə keçirdiyini, hansı faydalı işlər gördüyünü xatırlayır.

 

Onun faydalı işləri isə.. bir deyil, iki deyil… Və hər zaman belə mövzulardan qaçır,” sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə yaşayır. Bəlkə də indi yubileydir, ad çəkmədən, üstüörtülü şəkildə nəsə demək olar. Qurban müəllim (çoxları ona hoca deyir, amma hər ikimiz müəllimliyin müqəddəs peşə sayıldığı dövrlərdən qaldığımız üçün belə müraciət edirəm) eşidibsə ki, hansısa həmkarının əməliyyata ehtiyacı var, tərəddüd etmədən bunu boynuna götürüb, hansısa həmkarımıza dəstək lazımdır,  onun özü bilmədən bunu həll edib.  Əminəm ki, bu sətirləri oxuyanda bəyənməyəcək, ona görə keçək başqa məsələlərə.

Əgər bir insan özünü inkişaf etdirib, psixoloji baxımdan tamamilə dəyişib yeni bir səviyyəyə çatmaq istəyirsə, Qurbanovun həyat hekayəsini mütləq oxumalıdır. İndi gördüyünüz sakit, ağır təmkinli insan futbolçu karyerası vaxtı tamamilə fərqli biri olub. Bir az çılğın, özündən tez çıxan, həyata fərqli baxan. Amma o, həmişə zəhmətkeş olub, öz üzərində işləyib.

Qurbanov Azərbaycan futbolunda heç də ən istedadlı hücumçu olmayıb. Bunu bir qədər stajlı jurnalistlərin, azarkeşlərin hər biri təsdiqləyə bilər. Nazim Süleymanov, Vəli Qasımov, lap elə Samir Ələkbərov texnika, ustalıq səviyyəsi baxımdan öndə olublar. Amma onda olan yorulmadan işləmək, məqsədə çatmayana qədər əl çəkməmək prinsipləri təəssüf ki, adını çəkdiklərimin heç birində olmayıb. Təsadüfi deyil ki, Qurbanov hələ də milli komandamızın tarixində ən çox qol vuran futbolçudur – 14. O, millinin düz-əməlli formasının olmadığı, mükafatlar verilmədiyi dövrdə bəziləri kimi bilet pulu davasına çıxmadı. Millidən dəvət gəlibsə deməli, can-başla getmək lazımdır – fərqi yoxdur, sən Stavropoldasan, Kalininqradda, ya da Voronejdə. Rusiyada çıxış edərkən də formasının arxasına “Kurbanov” yazıldığı üçün dəfələrlə mübahisə edib “mənim familyam Qurbanovdur” deməsini də yəqin ki, çox adam bilmir.

İndi ölkədəki bütün yerli məşqçilər özünü ona oxşatmağa çalışır, ondan nəsə götürmək istəyirlər. Amma bu, bir-iki ayın, lap elə, bir-iki ilin işi deyil. Və bəzən Qurbanovu təqlid etmək, sırf onun yolu ilə getmək, onun kimi olmaq cəhdləri həmin gənc məşqçiləri “yandırır”.

Qurbanovun “Neftçi”də məşqçiliyə başladığı ilk dönəm, “Rid”lə oyunlar gözümün qabağındadır. İndi biz 50 yaşı tamam olan tam fərqli insanı görürük.  Həyatda bəzən gözlənilməz zərbələr alan, amma bu haqda susan və hələ də “mən milli komanda, yığmada baş məşqçi olduğum dönəm haqqında danışmaq istəmirəm” deyən səbrli insan. Bu səbr həddən artıq çox deyilmi? Zaman göstərir ki, yox. “İnter”, “Bazel”lə oyunlardakı hakim ədalətsizliklərinə özünəməxsus şəkildə sakit cavab verən Qurbanovu “Marsel”lə matçdakı feyr-pleyə görə qınayanlar oldu. Amma ertəsi bu addımın nə qədər doğru qərar olduğunu hər kəs gördü. İlin-günün bu vaxtında Avropanın ən önəmli qəzetlərində yaxşı mənada əsas qəhrəman olmaq bir azərbaycanlı üçün asan məsələ deyil. Bir neçə gün bundan öncə isə Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatından qayıdan güləşçiləri qəbul edərkən Qurban Qurbanovu misal çəkdi:

“Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət edib və qol sayıla biləcək vəziyyətdə deyib ki, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik”.  Bir insanın fəaliyyətinə bundan gözəl qiymət verilə bilməz.

Təbriklər Qurban müəllim, yaşayın-yaradın, bundan sonrakı nəticələrlə də hamımızı sevindirin.

 

Elnur Məmmədli

Bənzər xəbərlər