"Sürücülər adətən piyada keçidlərində yol vermirlər" - "Sabah"ın kapitanı
“Sabah”ın slovakiyalı hücumçusu Pavel Şafranko ölkəsinin mətbuatına geniş müsahibə verib. Msport.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasındakı çıxışından, Bakıdakı tıxaclardan, “Qarabağ”la rəqabətdən danışıb.
-Şənbə günü “Turan Tovuz”la çempionat matçı idi. Bazar günü isə Bakıda Formula-1 yarışı keçirilirdi. Gedib baxa bildiniz?
-Uzun müddət düşündüm ki, gedim ya, yox. Amma sonra qiymətlərə baxıb fikirləşdim ki, nəyimə lazımdır? Nəhayət qərara aldım ki, getməyim. Komanda yoldaşlarımdan bir neçəsi gedib baxdılar, onlar Formula-1 azarkeşləridir.
-Bu idman növünü sevmirsiz?
-Yox, avtomobil idmanı mənlik deyil (gülür).
-Baku küçələrindən Ferrari, McLaren, Mercedes, Red Bull və Williams kimi maşınlar keçirdi…
-Məni narahat edən yeganə şey o idi ki, məşqlərə getməyə çətinlik çəkirdim, çünki yollar hər yerdə bağlı idi (gülür).
-Futboldan danışaq. Karyeranız ərzində Slovakiya, Danimarka, Şotlandiya, Rumıniya, Cənubi Afrika klublarında oynamısız və artıq Azərbaycandansınız. Yeni futbol mədəniyyətləri ilə tanış olmağı sevirsiniz?
-Elə deməzdim. Hərdən insan fikirləşir ki, yaxşısı budur qarğa əlində olsun, nəinki göyərçin damda. Mən həmişə seçimləri ölçüb-biçmişəm. Əgər Şotlandiyada kimsə mənə desəydi ki, Cənubi Afrikaya gedəcəyəm, ona inanmazdım. Həyat şəraiti belə gətirdi ki, iki il sonra Cənubi Afrika Respublikasına (CAR) getməli oldum. Deməzdim ki, nəsə macəra sevirdim və ya yeni mədəniyyətlərlə tanış olmaq eşqinə bunu edirdim. Həm də başa düşmək lazımdır ki, futbolu təkcə Avropada oynamırlar. Məsələnin təkcə idman tərəfinə deyil, maliyyə şərtlərinə də baxmaq lazımdır. Azərbaycanda avrokuboklarda oynamaq və yaxşı qazanmaq imkanım var idi. Həmişə hər şey ideal alınmır, bəzən seçim etməli olursan. Futbol həyatım məni CAR-a aparıb çıxarmışdı, indi isə Azərbaycandayam
-Artıq bir ildən çoxdur Bakıdasınız. “Sabah”da 54 oyunda 18 qol vurmusunuz və 3 məhsuldar ötürmə vermisiniz. Həm də komandanın kapitanısız. Qafqaza getmək barədə qərar verərkən hər şey necə başladı? İndi nə dərəcədə razısınız?
— Əminliklə deyə bilərəm ki, burda xoşbəxtəm. Rumıniyanın “Sepsi” klubunda müqaviləm bitmək üzrəydi və razılığa gələ bilmədik. Bir illik müqavilə təklif etdilər, amma yaşıma görə ən azı iki illik istəyirdim. Yayın əvvəlində üç təklif aldım, onlardan biri “Sabah”dan idi. İlk gündən hiss etdim ki, o zamankı baş məşqçimiz Krunoslav Renduliç və idman direktoru məni klubda görmək istəyirlər. Ailəmlə Misirə səyahətə getmişdim, qayıtdıq və “Sabah”la razılaşdım. Onlar bütün şərtlərimi qəbul etdilər. Məni komandanın Konfrans Liqasının II təsnifat mərhələsində oynaması da cəlb etdi. “Sepsi”də olanda “Budo Qlimit”ə qarşı oynamışdıq. Avrokuboklarda mübarizə aparmaq çox xoşuma gəlmişdi. Ona görə də qərar qəbul edərkən, çox da düşünmədim.
-Ailəniz Bakıdakı həyata necə alışır?
— Çox yaxşı. Burda həyat yoldaşım və qızımla birlikdəyəm. Parklar, uşaq bağçaları, gözəl küçələr, təhlükəsizlik — bunların hamısı ailəmin tez uyğunlaşmağına kömək etdi. Amma slovak yeməkləri üçün darıxırıq. Biz bir neçə ölkədə olmuşuq və həyat tərzinə öyrəşə bilmişik. Həm də xaricdə yaşamaq əbədi deyil axı.
-Orda nələrə öyrəşməli oldunuz?
— Yayda temperatur çox yüksək olur, küçədə qalmaq çətinləşir. Həmçinin inanılmaz tıxaclar var. Sürücülər də adətən piyada keçidlərində yol vermirlər (gülür). Komanda yoldaşlarım namazı bitirənə qədər gözləməli oluruq. Ondan sonra paltardəyişmə otağına keçə bilirik. Slovakiyada belə şeylər yoxdur.
-“Sabah” yalnız 8 il əvvəl yaranıb. Klubun infrastrukturu, oyunçular üçün şərait və stadion haqqında düşüncəniz necədir?
-Çox razıyam. Şəraitə gəlincə, yeni məşq mərkəzimiz var, Yüksək səviyyəlidir. Fikrimcə, Avropanın Top-5 liqası ilə müqayisə etsək, belə şəraitə görə adam utanmaz. Stadion da yaxşı və rahatdır. Ona görə çox razıyam.
– 8 il ərzində belə şərait yaradılıbsa, klubun ambisiyaları olmalıdır. Nə məqsəd qoyulub?
— Mümkün qədər zirvəyə yüksəlməyə və dominant olan “Qarabağ”a əsas rəqib olmağa can atırlar. “Qarabağ”ı zirvədən salmaq istəyirlər — məncə, “Sabah” yalnız inkişaf edəcək.
-Komandanızın dəyəri təxminən 15 milyon avrodur — bu, liqamızdakı bir çox klublardan aşağıdır. Komandanızın oyun keyfiyyəti haqqında nə deyə bilərsiniz?
— Nəzərə alsaq ki, “Qarabağ” bu il Çempionlar Liqasına vəsiqə qazandı və Lissabonda “Benfika”nı 3:2 məğlub edib hamını şoka saldı— bu, Azərbaycan futboluna qoyulan investisiyanın sübutudur. Ayrı-ayrı klublar yeni futbolçulara çox pul xərcləyirlər. Liqaya keyfiyyətli legionerlər gəlirlər. Düşünürəm ki, tezliklə Azərbaycan klublarını beynəlxalq turnirlərin əsas mərhələsində tez-tez görəcəyik.
-Dediniz ki, Sabah”ın əsas məqsədi “Qarabağ”la rəqabət aparmaqdır. Son Azərbaycan Kubokunun finalında onları məğlub etdiniz və siz kapitan olaraq qol da vuraraq kuboku qaldırdınız. Bu sizin üçün nə demək idi?
— Bu “Sabah”ın tarixində ilk titul idi. Orada olduğum və kapitan sarğısını daşıdığım üçün çox sevindim. Afrikada üç, Rumıniyada iki titulum olub. Azərbaycanda isə bu kuboku qazandım. Fərdi statistika yaxşıdır, lakin komandanın qazandığı uğur daha önəmlidir.
-Qarabağ”ın Lissabonda məşhur “Benfika”nı məğlub etməsini Azərbaycan ictimaiyyəti necə qarşıladı?
-Qarabağ” demək olar ki, hər il avrokubokların əsas mərhələsində çıxış edir. Burada “Qarabağ”a böyük dəstək var. Onılar neçə il idi ki, Çempionlar Liqasına düşməyə yaxın idilər, bu dəfə bacardılar. Onların uzun zamandır stabil komandası var, hətta baş məşqçiləri də uzun illərdir ki, klubdadır. Ona görə eyni sistemlə oynayırlar və yaxşı transferlər edirlər. Heyətdə kardinal dəyişikliklər etmirlər, yalnız bir-iki futbolçu alırlar. Həmin oyunçulara da çox yaxşı maaş verirlər. Bu siyasət də kluba uğur gətirir.