featured-image-45274

“Düşünürəm ki, imkanlarımız bərabər olsaydı, daha irəli gedə bilərdik. Amma Bundesliqanın lideri ilə Azərbaycan klubunu müqayisə etmək çətindir. Bununla belə, keyfiyyət baxımından Avropa zirvəsinə yaxın olduğumuzu göstərdik”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç komandasının cari mövsüm Avropa Liqasındakı çıxışı barədə ölkəsinin mətbuatına müsahibəsində deyib.
33 yaşlı müdafiəçi bildirib ki, avrokubok oyunları zamanı bütün yerli klubların azarkeşləri tərəfindən dəstəklənmək xoşuna gəlir: “Bizə hörmət edirlər və bəzən saatlarla avtoqraf verməyə, şəkil çəkdirməyə məcbur oluruq. Yankoviçlə məni tez-tez soyadlarımızla çağırırlar və bu, bizi həqiqətən əyləndirir – görünür, adımızın eyni olması onları narahat edir”.
“Bayer”lə 1/8 final oyunlarından da söz açan futbolçu komanda yoldaşı Juninyonu “Qarabağ”ın ən yaxşı oyunçusu hesab edir: “Bayer”lə cavab oyununda iştirakçısı olduğum iki qol epizodu nə məktəblərdə, nə də məşqdə öyrədilir. Bununla belə, şöhrət həmişə qol vuranlara məxsusdur və Juninyo obyektiv olaraq komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim “Qarabağ”dan ayrılmaq istəmir, amma braziliyalını saxlamaq bizim üçün çətin olacaq, çünki kluba yaxşı təkliflər gəlir”.

Veşoviçin sözlərinə görə, matçdan sonra Leverkuzen təmsilçisinin məşqçisi onu təbrik edib: “Azarkeşlər də mənim performansımı vurğuladılar və matçdan dərhal sonra Xabi Alonsonun köməkçisi yanıma gələrək, çıxışımdan həzz aldığını gizlətmədən məni təbrik etdi. Oyunumu televiziya vasitəsilə izləyənlərdən çoxsaylı dəvətlər aldım, hətta evə qayıdandan sonra restoran sahibindən onun hesabına şam yeməyi təklifi aldım”.

Mövsümə baldır zədəsi ilə başladığını xatırladan Veşoviç oktyabr ayından bəri özünü yaxşı hiss etdiyini söyləyib: “Bayer”lə matçın ilk dəqiqələrində pis zərbə aldım və ağrılar 86-cı dəqiqədə əvəzlənmə tələb edənə qədər davam etdi. Həmin vaxt mənim əvəzimə meydana daxil olan futbolçunun qələbəyə daha çox töhfə verə biləcəyini də nəzərə aldım. Bəzən yaxşı müdafiə olunmadığım üçün tənqid olunurdum. Amma bacardığım qədər oynayıram. Digər klublarda olduğu kimi, burada da çıxışım yüksək qiymətləndirilir”
O, “Qarabağ”la yeni müqavilə imzalayan həmyerlisi Marko Yankoviçin buna layiq olduğunu vurğulayıb: “Hazırda ən hazırlıqlı yarımmüdafiəçilərdən biri olduğunu göstərdi. O, “Braqa” ilə hər iki matçda (4:2, 2:3) meydanın mərkəzinə tam nəzarət edirdi, hətta əlavə hissələrdə də çox oynadı”.

Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasındakı çıxışına da toxunan təcrübəli oyunçu çempionluğu praktiki olaraq təmin etdiklərini bildirib: “Ümid edirik ki, avrokuboklardakı uğurumuzu növbəti mövsümdə də təkrarlayacaq, bəlkə də daha yaxşısını edəcəyik. Azərbaycan futbolunun əsas problemi ölkənin UEFA reytinqində əmsalının aşağı olmasıdır. Bütün bunlar ona görədir ki, Avropada yalnız “Qarabağ” nəticə verir. Ona görə də təsnifat mərhələsindən Çempionlar Liqasına vəsiqə qazanmağa çalışmalıyıq”.

Veşoviç Azərbaycanda hər şeyin ürəyincə olduğunu əlavə edib: “Buradakı iqlim xüsusilə xoşuma gəlir. “Polşada da əla idi, amma mənfi 10 dərəcə temperaturda oynamağı heç vaxt sevməmişəm. Bundan başqa, Azərbaycanda demək olar ki, hamı rus dilində danışır, ona görə də başqa dil öyrənmişəm. Azərbaycan dili isə çox çətindir. Bəzən məşq zamanı ingilis dilində danışırıq. Atmosfer əladır, heç bir problem yoxdur, çünki Qurban Qurbanovun indi Avropada böyük adı var. Burada fikirlər nəzərə alınır, amma son söz baş məşqçiyə məxsusdur”.
“Neftçi”nin sükanı arxasında olan həmyerlisi Miodraq Bojoviç haqqında da danışan futbolçu bunları deyib: “Onlar avrokuboklarda oynamağı gözləyirlər. Lakin sonuncu dəfə “Neftçi”yə asanlıqla qalib gəldiyimiz üçün (4:1) deyə bilərəm ki, heyətini gücləndirməlidirlər. Tezliklə ölkə kubokunda onlarla qarşılaşacağıq”.

Bənzər xəbərlər