Qurban Qurbanov: "Bəzi futbolçular... Mən hər şeyi görürəm"
“Qarabağ” UEFA Avropa Liqasının II turunda Bakıda “Malmö”yə 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. “Malmö”nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissədə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiqələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticə əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı oalcağıq.
– Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursunuz?
– Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, hazırkı durum nəticəmizə təsir edir. Sadəcə, ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub.
– Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiniz. Bunun səbəbi nədir?
– Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza etdim. Sonda da məncə, düzgün addım atdıq. Özünü pis hiss edirdi.
– Bəs Bəhlul?
– İlk hissədən sonra ağrısı var idi. İkinci hissədə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. İynə vurub çıxmışdı meydana.
– Sanki “Qarabağ” əvvəlki həvəsdə deyil, komandada nəsə baş verir, əvvəlki kimi oynaya bilmir. Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?
– Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə, əgər məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda… Mən görürəm, bilirəm. Bəziləri öz idman formasından uzaqdır. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, yaxşı olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq.
– “Malmö” rəqiblər arasında zəiflərdən hesab olunurdu. Digər rəqiblərimiz daha güclüdür. Onlarla oyunda nə edəcəksiniz?
– Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandasıdır. Özümüzü də çox zəif saymırıq. Qarşıda dəyişik nəticələr çox olacaq.
– “Qarabağ” kifayət qədər çox qol epizodları yaradır. Ən çox nəyin üstündə işləmək lazımdır ki, məntiqi sonluq vaxtında gəlsin?
– Fərdi yöndə. Əgər budursa, problem olmaz. Yaxşılaşdıra bilərik. Belə oyunlarda həyəcan olmasın. Həyəcana görə qol epizodu dəyərləndirilməsə, problem ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.
– Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?
– Düşünəcək heç nə qalmayıb. Fikirləşsək, qapıçılar hansı liqalardan gəlib? Hər ikisinin yetərincə bacarığı, keyfiyyəti var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin yaxın zamanlarda meydana dönməsi real görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi etibarlı qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra onlardan çox faydalanacağıq. Bu gün atacaq addımımız yoxdur.
– Qorxmursunuz ki, psixoloji amil sonrakı matçlarınıza da təsir edə bilər?
– Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq.
– “Dinamo” səddini keçə bilməmək komandaya psixoloji cəhətdən təsir etdi? Sanki komanda o oyunda qalıb…
– Təsir etdi. Amma bu günə kimi qaldığını düşünmürəm. Xeyli müddət nəinki öz aramızda, azarkeşlər arasında, mediada belə fikirlər formalaşıb. Hamının gözü Çempionlar Liqasının Liqa mərhələsində idi. Bu, normal haldır. Hamınız bunu daim istəməlisiniz. Biz isə belə hallarda daha da soyuqqanlı və möhkəm olmalıyıq. Komandanın problemi varsa, onu yoluna qoymalıyıq.