Qurban Qurbanov: "Rəqib böyük təcrübəyə malikdir"
“Öz meydanımızda, azarkeşlərimizin önündə oynayacağıq”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyun öncəsi mətbuat konfransında deyib.
Mütəxəssis sabah olduqca vacib oyuna çıxacaqlarını bildirib: “Bu komandanın oyun tərzi fərqlidir və böyük təcrübəyə malikdir. Hazırlığımız pis keçmir. Maksimum yaxşı nəticə əldə etməyə çalışacağıq”.
– Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?
– Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. “Sabah”la matçda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün.
– Bir çox mütəxəssislər “Malmö”nü üç xal gözü ilə görür. Bu istək, bu tələb komandanın nə qədər əleyhinə ola bilər?
– Əleyhinə olan deyil. Bu, bizə olan güvəndir, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bunun xeyri var, ziyanı yoxdur.
– Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görmək ehtimalımız var?
– Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyət buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan “Malmö” haqda bəzi, bir neçə fikir soruşmuşam. Oynayacaq, ya yox, deyə bilmərəm. Oyunun gedişatına görə addım atmaq istəmişik.
– “Tottenhem”lə matçda Mateuş Koxalski qəhrəmanlıq göstərə bilmədi. Sabah qapıda Fabiyan Buntiç dayanacaq, yoxsa Koxalski?
– Sabah qərar verəcəyik. Vaxtımız var.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də saat 20:45-də başlayacaq.