"Azərbaycan millisində çıxış etdiyim üçün şadam" - Ramil Şeydayev
“Soçi”yə transfer olunan azərbaycanlı futbolçu Ramil Şeydayev klubun mətbuat xidmətinə geniş müsahibə verib. O, niyə bu klubun təklifini qəbul etməsindən, karyerasındakı ən parlaq anlardan, “Qarabağ”dakı çempionluğundan, avrokuboklardakı çıxışından danışıb.
Msport.az qısa ixtisarla müsahibəni təqim edir.
– Ramil, “Soçi”yə xoş gəldin! Bizim kluba keçmək variantı necə yarandı? Təklif gələndə çox düşündün?
– Əvvəlcə sizə təşəkkür edirəm. Burda olduğuma görə şadam. Komandaya kömək etmək istəyirəm. Təklif gəldi və çox düşünmədim. Hər şeyi danışdıq, müzakirə etdik və qərar verdik. Nəticədə bura gəlib çıxdım.
– Bir neçə gündür ki. komanda ilə mıəşq edirsən. Adaptasiya necə keçir? Uşaqlardan artıq kimləri tanıdın?
– Hər şey çox yaxşı keçir. Rusiyada mənim üçün xüsusi adaptasiya lazım deyil. Uşaqlardan Maks Kuzmini, İqor Kalinini tanıdım. Belə fikirləşirəm ki, heç kimlə problem olmayacaq. Çox mehriban kollektivdir.
– Son rəsmi oyununa bir neçə ay əvvəl çıxmısan. Öz formanı necə qiymətləndirirsən və ideal vəziyyətə qayıtmaq üçün nə qədər vaxt lazım olacaq?
– Formada olmaq məsələsinə gəlincə, düşünürəm ki, bu sualı məşqçilərə versəniz, yaxşı olar. Onlar bunu məşqlərdə görəcəklər. Əlbəttə, istənilən halda formanı bərpa etmək lazımdır. İndi elə bununla məşğul oluram. Ümid edirəm ki, hər şey tez baş verəcək.
– Sən Rusiya, Slovakiya və Azərbaycan çempionu olmusan. Bunlardan hansı sənin üçün daha qiymətlidir?
– Yəqin ki, Azərbaycanda “Qarabağ”la əldə olunan çempionluq. Orada bütün mövsümü oynadım, çox iş gördüm, bombardir oldum. Bu titul mənim üçün daha özəldir.
– Karyeran ərzində 5 çempionatda – Rusiya, Slovakiya, Türkiyə, Azərbaycan, Tailand – oynamağa imkan tapmısan. Bu çempionatlar nə ilə fərqlənir?
– Prinsipcə futbol aşağı-yuxarı demək olar, hər yerdə eynidir. Yəqin ki, klimatik şərait və xalqın mentaliteti fərqlənir. Hansısa ölkədə futbola çox azarkeş gəlir, hansındasa az. Ancaq belə düşünürəm ki, futbol hər yerdə eynidir.
– “Qarabağ” sənin karyeranda xüsusi yer tutur. Üç dəfə bu kluba qayıtmısan. Niyə belə oldu və bu komandanı karyeranın ən önəmli klubu sayırsan?
– Hər dəfə müxtəlif səbəblər olurdu. Bu haqda uzun müddət danışmaq olar, çünki hər dəfə hadisələr fərqli məcrada cərəyan edirdi. Əlbəttə, “Qarabağ”karyeramın ən önəmli klublarından biridir.
– Məhz “Qarabağ”ın heyətində avrokuboklarda debüt etdin və mütəmadi olaraq oynadın. Sənin üçün bu oyunların əhəmiyyəti nə idi?
– Tez-tez yadıma salmıram o oyunları. Lakin avrokuboklar hər zaman maraqlı və əladır. Həm Çempionlar Liqası, həm Avropa Liqası əla turnirlərdir. Böyük ajiotaj və xüsusi atmosfer olanda həm evdə, həm də səfərdə oynamaq xoşdur.
– “Olimpiakos”un qapısına vurduğun qol karyeranda ən yaxşı qoldur?
– Ola bilsin ki, ən yaxşılardan biridir. Düşünürəm ki. ən gözəl qollarım millidə olub – Almaniyaya, Slovakiyaya vurduğum qollar. Yəqin ki, onlardan biri.
– Sən Rusiyanın gənclər yığmasında Avropa çempionu olmusan. Lakin sonra Azərbaycan millisində çıxış etmək qərarı verdin. Bu qərarı vermək nə dərəcədə çətin oldu?
– Əgər ətraflı danışsam, bu, çox vaxt aparacaq. Əlbəttə, təklif gələndə xeyli fikirləşdim, o dəqiqə qərar vermədim. Rusiyanın gənclər yığmasından Azərbaycanın əsas millisinə keçdim. Buna görə peşman deyiləm. Azərbaycan millisində çıxış etdiyim üçün şadam. Ora çox xoşuma gəlir, atamın vətənidir.
– Azərbaycan millisində təxminən 70-ə yaxın oyun keçirmisən. Almaniya, Xorvatiya kimi komandalara qol vurmusan. Ən yaddaqalan hansı qolları hesab edirsən?
– Yəqin ki, məhz Almaniya və Xorvatiyaya vurduğum qolları. Bu iki qol ən yaddaqalan olub.







