"Rapid"lə "Neftçi"yə qarşı oynamışam" - "Ağ-qaralar"ın yeni transferi - VİDEO
“Neftçi”nin yeni transferi Draqolyub Saviç klubun mətbuat xidmətinə açıqlama verib.
Msport.az xəbər verir ki, serbiyalı futbolçu “ağ-qaralar”ı hansı səbəbdən seçməsindən danışıb:
“Etiraf etməliyəm ki, ilk andan “Neftçi”nin tarixi haqqında filmə baxdığım zaman gördüm ki, “Neftçi” böyük ənənələrə malik klubdur.
Həm də görürəm ki, Azərbaycanda insanlar “Neftçi”nin ən böyük klub olduğunu bilirlər. Deyə biləcəyim başqa şey də odur ki, dünən axşam bazaya gəldim, məni çox yaxşı qarşıladılar.
Həmçinin gördüm ki, məşq mərkəzi də yenidir. Bu da “Neftçi”nin Azərbaycanda ən böyük klub olmasından xəbər verir”.
Saviç vaxtilə “Neftçi”yə qarşı oynadığını bildirib:
“Rapid”lə “Neftçi”yə qarşı oynamışam. RFS-də olanda isə “Sabah”a qarşı forma geyinmişəm. Azərbaycanda insanların futbola böyük dəyər verdiyini və onu sevdiyini müşahidə etmişəm. Bu da futbola böyük diqqətin olduğunu göstərir”.
Yeni transfer vaxtilə ölkəmizdə çıxış etmiş serbiyalı futbolçulardan informasiya almadığını bildirib:
“Mən konkret burda oynamış serblərlə danışmamışam. Amma bir çox insanla söhbət etmişəm. Azərbaycanda ən böyük kluba gəlmək imkanımın olduğunu gördüyüm andan etibarən araşdırmağa başladım. Bura gəlmək qərarını vermək mənim üçün heç də çətin olmadı.
Meydandakı oyun üslubum? Presinq zamanı kifayət qədər aqresiv futbolçuyam. Sonadək hücum etməyi və rəqibin arxasındakı boşluqlara girməyi sevirəm. Fiziki göstəricilərim də çox sürətli olduğumu deyir. Sürətimdən düzgün şəkildə istifadə etmək üçün əlimdən gələni edirəm. Əvvəlki klublarımda hücumun müxtəlif hisslərində oynamışam. Özümü ən rahat hiss etdiyim mövqe isə cinahlardır. Həm sağ, həm də sol cinahda oynaya bilirəm. Ona görə də hər iki tərəfdə çıxış etmək mənim üçün problem deyil. Amma dediyim kimi hücumun hər 3 mövqeyində oynaya bilirəm. Düşünürəm ki, bu mənim üçün böyük üstünlükdür.
Özümü fiziki olaraq yaxşı hiss edirəm, Əvvəlki klubumda hazırlıq mərhələsini keçmişəm və 3 oyunda 90 dəqiqə oynamışam. Ona görə də hazırda ən yaxşı formadayam. Bu klub üçün əlimdən gələni etməyə hazıram.
Azarkeşlərə demək istəyirəm ki, “Neftçi” kimi klubun böyük dəstəyə ehtiyacı var. İstərdim ki, hər oyunda stadionda mümkün qədər çox azarkeş olsun. Bunun qarışılığını meydanda verəcəyik”.
Qeyd edək ki, Savim Serbiyanın TSC klubundan transfer olunub.







