featured-image-29143

“Neftçi”nin tərcüməçisi Vüqar Əliyev “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib.

5 oyunluq diskvalifikasiya olunan klub rəsmisi Msport.az saytına açıqlamasında qərarın çox ağır olduğunu söyləyib:

“Matçın sonları gedirdi. Səhv etmirəmsə, 89-cu dəqiqə idi. Rəqib vaxt aparmağa başladı. Futbolçulardan biri cərimə meydançasında yerə yıxıldı, komanda yoldaşı da topu yan xətdən çıxardı. Köməkçi məşqçimiz mənə dedi ki, Ömər Buludova topu oyuna daxil etdikdən sonra kənara vurmamasını çatdırım. Əvvəlcə Ömər məni eşitmədi. Bir az da yaxınlaşıb qışqıranda eşitdi. Dedim ki, topu qaytarma, oynamağa davam elə. Bu vaxt rəqibin skamyasına yaxın idim. Fiziki hazırlıq üzrə məşqçiləri mənə irad bildirdi. Mən də dedim ki, sən sakit ol, işini gör, bizim söhbətimizə qarışma. Yerimə oturduqdan az sonra qol vurduq. İstər-istəməz matçın sonları idi və emosiyalar çox idi. Eminə tərəf qaçıb, qolu çılğın şəkildə qeyd etdim və bütün stressi çölə atdım. Texniki zonaya qayıdanda həmin məşqçi gözümə sataşdı. Söz atmamaq üçün əlimlə işarə etdim ki, indi də vaxtı uzadın. Yəni, mən heç kimi söyməmişəm. Heç vaxt belə şeyə yol vermərəm. Çünki biz meydançada rəqibik. Orada qardaşlarımız, yaxın münasibətdə olduğumuz insanlar var. Məşqçilərinə də hörmətim var. Orada sözü ortaya desəydim, hamısı üstümə hücum çəkərdi. Mən isə sırf irad bildirən məşqçini işarə etdim. Orada təhqirdən söhbət gedə bilməz”.

Qeyd edək ki, qərarda Vüqar Əliyevin “Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə işlətdiyi və hərəkətlər etdiyi bildirilib. Bu davranış klubu da 4000 manat ziyana salıb.

CAHİD

 

Bənzər xəbərlər