featured-image-39775

“Səbail” klubunun və Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

Msport.az həmin müsahibəni təqdim edir…

– Dünyada müxtəlif idman növləri var. Niyə məhz futbolu seçdin?
– Hər kəsdə olduğu kimi mənim də futbola həvəsim uşaq vaxtlarımdan yaranıb. Daha doğrusu qapıda dayanmağı daha çox istəyirdim. Elə o vaxtdan qapıçı kimi formalaşmağa başladım.

– Bəs niyə məhz qapıçı?
– Bunun konkret səbəbi yoxdur. Çərçivədə dayanmaq daha xoş gəlirdi.

– İndiyədək aşağı yaş qrupları üzrə milli komandaların, müxtəlif klubların formasını geyinmisən. Karyeran ərzində hansı ili və ya mövsümü özün üçün daha uğurlu hesab edirsən?
– Ümumiyyətlə, ölkə səviyyəsində uğurlu karyeram olduğunu düşünürəm. Ancaq hansısa ili fərqləndirmək gərəkirsə, “Sumqayıt”dan sonra “İnter”ə keçdiyim mövsümü qeyd edə bilərəm. Avrokuboklarda mübarizə apardım, klubun kapitanı oldum. “İnter”dən sonra “Neftçi”də və “Qəbələ”də uğurlu mövsüm keçirdim. Hətta “Qəbələ” klubu ilə ölkə kubokunun qalibi oldum.

– Ölkəmizdə və Dünyada bəyəndiyin qapıçı kimdir və hansı xüsusiyyətlərinə görə onları qiymətləndirirsən?
– Ölkəmizdə bəyəndiyim qapıçılar çoxdur. Ancaq ad çəkməyim etik cəhətdən düz olmazdı. Dünyada bir çox böyük qapıçılar var ki, onlar çıxışları ilə, əldə etdikləri uğurlarla, qazandıqları kuboklarla özlərini təsdiqləyiblər. Ad çəkmək lazımdırsa, David De Xeanı qeyd edərdim. Çox gözəl reaksiyalar verir. Oyun üslubuna görə De Xeanı vurğulayardım. Ondan başqa, Manuel Noyeri, Tibo Kurtuanı çox bəyənirəm.

“Qapıçı işinə ciddi yanaşmalı və stabil çıxış etməlidir”

– Bir qapıçıda mütləq olmalıdır dediyin xüsusiyyət və ya bacarıq nədir?
– Məncə, bir qapıçı işinə ciddi yanaşmalı və stabil çıxış etməlidir. Sabit çıxış edən qapıçı daha çox diqqət mərkəzində olur.

– Karyeran ərzində ən unudulmaz qurtarışın hansıdır?
– “Neftçi”də çıxış edərkən çempionluğa oynayırdıq. Son turlarda “Keşlə” ilə qarışılaşırdıq. Yaxın məsafədən rəqibin baş zərbəsini dəf etmişdim. O qurtarışı qeyd edə bilərəm.

– Bir qapıçı kimi ən zəif cəhətinin nədir?
– Bu barədə nəsə deməyim düz olmaz. Yaxşı olar ki, mütəxəssislər fikir bildirsinlər. Təbii ki, hər qapıçı kimi mənim də zəif cəhətlərim var Zəif cəhətlərim olmsaydı, indi Avropa klublarının formasını geyinirdim.

– Adətən hər futbolçunun bir inancı, ritualı olur. Sənin belə bir inancın, ritualın var?
– Bir çox futbolçudan, qapıçıdan fərqli olaraq mənim belə inancım yoxdur.

“Bir insan var ki, onu xüsusilə qeyd etməliyəm”

– Penalti epizodunda bir qapıçının üstün və zəif cəhətləri nələrdir?
– Penalti epizodunda əsas üstünük oyunçuda olur. Unutmayaq ki, o dueldən oyunçunun qalib ayrılmaq ehtimalı daha yüksəkdir. Qapıçının yeganə üstünlüyü odur ki, qol buraxsa da, heç kim heç nə deməyəcək. Ancaq penaltini dəf etsə, qəhrəman olacaq. Şans cəhətdən oyunçu üstün olsa da, mənəvi və psixoloji cəhətdən qapıçı bir addım öndədir.

– Futboldan kənar həyatında hobbin və ya məşğuliyyətin nələrdir?
– Daha çox futbola kökləndiyimiz üçün demək olar ki, başqa şeylərə vaxt qalmır. Boş vaxtım olan kimi dostlarla, tanışlarla görüşürük, söhbətləşirik. Əlbəttə, əsas ailəyə vaxt ayırırıq. – İndiyədək bir çox məşqçi ilə çalışmısan.

Səlahət Ağayev olmağında hansı məşqçinin daha çox rolu olub?

– İnsan hər yaşda öyrənməyə meyllidir. Təbii ki, mən də uşaq yaşlarımdan bugünədək bir çox məşqçi ilə işləmişəm, hərəsindən bir şey götürmüşəm Bu günə gəlib çıxmağımda zərrə qədər də olsa əməyi olan hər bir məşqçimə təşəkkür edirəm. Ancaq bir insan var ki, onu xüsusilə qeyd etməliyəm. Bu, uşaq yaşlarımdan mənə inanan, dəstək olan Cəmaləddin Əliyevdir. Məhz onun sayəsində çox şey öyrənmişəm.

– Təcrübəli qapıçı kimi qapıçılığa yeni başlayan gənclərə nə məsləhət görərdin?
– Dediyim kimi, işlərinə məsuliyyətlə yanaşsınlar, üzərilərində daim işləsinlər, həvəsdən düşməsinlər, öyrənməyə meylli olsunlar. Məncə, bunlara əməl etsələr, yaxşı karyera qura bilərlər.

“Qələbə komandada özünə inamı artırmışdı”

– Ən sonda millinin AÇ-nin seçmə mərhələsindəki son iki oyunu ilə bağlı fikirlərin necədir?
– Estoniya üzərində səfərdə əldə etdiyimiz qələbə komandada özünə inamı artırmışdı. Məhz bu istəklə, bu həvəslə, özünəinamla Avstriya qarşısına çıxdıq. Yaxşı mübarizə aparıb, təhlükəli vəziyyətlər yaratsaq da, təəssüf ki, penaltidən buraxdığımız qolla məğlub olduq. Qarşıda bizi qrupun son iki oyunu gözləyir. Əlbəttə, istənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq çətindir. Çalışacağı ki, İsveçlə oyunda azarkeşlərimizi sevindirək. Bu, evdə keçirəcəyimiz son oyun olacaq. Meydandan qələbə ilə ayrılmaq istəyirik. Daha sonra isə Avropa çempionatının finalına vəsiqə qazanmağı təmin edən, qrupun lideri Belçika yığması ilə qarşılaşacağıq. Uğurlu nəticə qazanmaq üçün son dəqiqəyədək mübarizə aparmalıyıq, meydanın hər bir qarışı uğrunda “döyüşməliyik”.

 

Bənzər xəbərlər