Rəşad Sadıqov ehtiyatlı danışdı
“İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik”.
Msport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyada “DAK-1904” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis çətin görüşə çıxacaqlarını bildirib: “Sabah bizi olduqca vacib matç gözləyir. “DAK-1904″ kollektivi ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq ki, mərhələni adlayan tərəf olaq”.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək “DAK-1904” – “Zirə” görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bakıda keçirilən ilk matç “qartallar”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.