featured-image-52270

“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsinin Xorvatiyada keçirilmiş ilk oyununda “Osiyek”lə 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

– Birinci hissədə meydanda daha çox taktiki savaşın şahidi olduq. Rəqib daha çox standart vəziyyətlərdə təhlükəli olurdu. Bizim də bir neçə təhlükəli hücumumuz var idi, fərqlənə bilərdik. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. İkinci hissədə meydanda üstün olan tərəf biz idik. Hesabı bərabərləşdirməyə çalışırdıq. Müəyyən məqamlarda dəqiqlik çatmırdı, bəzən bu, çətin olurdu. Rəqibin səviyyəsini nəzərə almaq lazımdır. Bu gün məğlub olsaydıq belə, hər şey ikinci oyunda həll olunacaqdı. Hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir.

– “Osiyek”in heyətində hansı futbolçular sizi təəccübləndirdi?

– Rəqib istedadlı futbolçulardan ibarət komandadır. Gənc, istəkli, yaxşı məşqçiləri var. Onun səviyyəsini bu gün hiss edirdik. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Futbolçularıma təşəkkür edirəm. Bizi çox məsuliyyətli cavab oyunu gözləyir.

– Cavab matçından gözləntiləriniz nədir?

– İndi daha çox çempionatda “Sabah”la oyunu düşünəcəyik. Sonra “Osiyek”lə matça hazırlaşacağıq. Cavab görüşündə bundan daha istəkli və güclü “Osiyek” gözləyirəm. Biz də eyni formada qarşılıq verəcəyik. Bu gündən daha yaxşı olmaq istəyirik. Azarkeşlər üçün çox maraqlı oyun olacaq.

– Rəqibin çox da üstün futbol oynamadığını demək olar?

– Azərbaycan futbol camiəsində illərdir belə fikir formalaşıb: hər hansı klubumuz uğurlu çıxış edirsə, dərhal deyirlər ki, bu rəqibə qarşı oynamaq olar. Ümumən, müasir futbolda hər komandaya qarşı oynamaq mümkündür. Amma bu gün vacib olan o idi ki, ikinci hissədə biz oyunu bərabərləşdirə bildik və rəqib üzərində bir az da olsa, üstünlük yaratdıq. Futbolçular məğlub olmaq istəmirdilər. “Osiyek” çox yaxşı komandadır. Artıq belə təcrübə yaşamışıq. İkinci oyunda Bakıda daha istəkli “Şerif” gördük. İstərdim ki, bu məsələyə daha təcrübəli yanaşaq.

Bənzər xəbərlər