featured-image-44408

“Zirə” Azərbaycan Premyer Liqasının XXV turunda öz meydanında “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.

Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyunda qırılma nöqtəsi zədələr oldu, yoxsa qırmızı vərəqə?

– Hamısı bir-birindən önəmli idi. Hücum oyunçularımızı əvəzləməyə futbolçu yoxdur. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma “qırmızı”dan sonra rəqib daha ürəkli oynadı. Biz bir az da demotivasiya olduq. İlk yarıda son 10 dəqiqə bizim üçün çox ağır keçdi. Amma fasilədən sonra futbolçular daha inamlı idilər. Yaxşı fürsət yarandı, penaltidən istifadə edib hesabı bərabərləşdirdik. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir.

– Sezar Meza Kollini transfer etdiniz. Bu keçid nə dərəcədə uğurlu olacaq?

– İstərdim ki, yanvar ayından komandada olsun. Çoxsaylı zədələri nəzərə alaraq rəhbərliklə danışdıq. Biz daha çox forvard götürmək istəyirdik. Hücumçunun əvəzinə Meza Kollini gətirdik. Sonuncu rəsmi oyununa 10 ay bundan əvvəl çıxıb. Təbii ki, formaya düşməsi üçün vaxta ehtiyacı var. Amma bizim də vaxtımız yoxdur. Yavaş-yavaş komandaya faydalı ola biləcək. Məqsəd və Utsiq də zədələndi. Onların zədəsinin nə qədər çəkəcəyini bilmirik. Bu yöndə çox ciddi sıxıntılarımız var. Çalışacağıq ki, öhdəsindən gələk.

– Üç mərkəz müdafiəçisi ilə oynamağınız sırf rəqibə görə idi?

– Rəqib faktoru da var idi. Məqsədin zədəsi bütün planlarımızı alt-üst etdi. Bu gün 1-2 oyunçu itirdikdə, bu, bütün oyun planına, sistemə təsir edir. Bəzi oyunçuları dəyişməyə futbolçu yoxdur. Digər səbəb də Qismət Alıyevin cəzalı olması idi. 35-40-cı dəqiqədə Pyer Zeblini meydana buraxıb dördlü müdafiə sisteminə dönmək istəyirdik. O dəqiqələrdə də İssa Cibrila qırmızı vərəqə aldı. Oyun düşündüyümüz kimi getmədi.

– Rüstəm Əhmədzadə və Filipe Paxtnan nə vaxt qayıdacaq?

– Rüstəm ən azı 2-3 həftə sonra komanda ilə məşqlərə başlayacaq. Paxtman isə mövsümü bitirib. Əməliyyatı planlaşdırılır.

– AFFA prezidentliyinə seçkilər keçiriləcək. Bununla bağlı fikirləriniz necədir?

– Azərbaycan futbolu üçün xeyirli, uğurlu olsun. İnşallah futbolumuz irəli gedər.

– “Qarabağ” sabah “Neftçi”ni udsa, 2-ci yerlə arasında 24 xal fərq olacaq. Sizcə, fərqin bu qədər çox olmasının səbəbi nədir?

– Bu, “Qarabağ”ın gücü ilə bağlıdır. Görürsünüz ki, oyunlarda qələbə qazanmaq necə çətindir. Hər matçda meydanda amansız mübarizə gedir. Sıradan oyun yoxdur. “Qarabağ” bu mənada hamıdan fərqlənir.

– Kazbek Tuayev xal fərqi ilə bağlı deyib ki, mən heç vaxt çempionatda belə biabırçı hal görməmişdim. Sizin fikriniz necədir?

– Xeyr, biabırçılıq deməzdim. Çempionata yaxşı başlamışdıq. 14-cü tura qədər onlardan 1 xal irəlidə idik. “Qarabağ”la rəqabət aparmaq üçün hər komanda daha keyfiyyətli futbol oynamalıdır. Bu da bizim çempionatımızda asan deyil.

Bənzər xəbərlər