featured-image-32047

Mövsümün sonunda “Qəbələ”ni “Sumqayıt”a dəyişən Rövlan Muradovun Msport.az saytına müsahibəsi

Əvvəlcə “Sumqayıt”a keçidinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı. Niyə məhz “Sumqayıt”?
– “Sumqayıt”a keçdiyim üçün şadam. Açığı, Azəbaycandan 4-5 klub təklif yollamışdı. Sadəcə, “Sumqayıt” variantının üzərində dayandım.

– Əcnəbi klublarla danışıqlar apardığınız barədə xəbərlər dolaşırdı. Amma sonda “Sumqayıt”ı seçdiniz. Legioner həyatı yaşamağınıza nə mane oldu?
– Bəli, bu, real idi. Menecerim mənimlə hər şeyi bölüşürdü. Azərbaycandakından 2 qat çox maaş təklif etmişdilər. Sadəcə, orada mənə ehtiyat qüvvə kimi baxırdılar deyə imtina etdim. Hazırda mənə oynamaq daha çox lazımdır.

– Avrokuboklara vəsiqə qazanan komandanı ötən mövsüm güc-bəla ilə Premyer Liqada qalan kluba dəyişdiniz. Təbii ki, burada maliyyə də mühim rol oynayıb. Yəni, “Qəbələ”də maliyyə durumu o qədər pisdir?
– İnanın səmimiyyətimə ki, məsələ maliyyə ilə bağı deyil. “Sumqayıt”a pula görə gəlməmişəm. Mənə yuxarı pillələrdə olan komandalardan da təklif gəlmişdi. Maliyyə baxımından da sərfəli idi. Hətta “Sumqayıt”la müqavilə imzalamağa gedərkən belə, daha yaxşı təklif gəldi. Amma  menecerimlə son anda məsləhətləşib qərarımı “Sumqayıt”dan yana verdim. Komanda ötən mövsüm uğursuzluq yaşamasına baxmayaraq, bu mövsüm avrokuboklar uğrunda mübarizə aparacaq. Ona görə də sonda “Sumqayıt”ı seçdim.

– Əgər pul sizin üçün önəmli deyildisə, niyə “Qəbələ”də qalmadız? Orada əsas heyət üzvü idiniz. “Sumqayıt”da isə nəyin necə olacağı dəqiq bilinmir?
– Hiss edirdim ki, “Qəbələ”də bundan artığını edə bilməyəcəm. Ona görə də yeni komandaya üz tutmaq istədim ki, öz potensialimı daha da açım. İnanıram ki, “Sumqayıt”da buna nail olacam.

– Elmar Baxşıyev mətbuata açıqlamasında üstüörtülü şəkildə də olsa, sizin klubu aldatdığınızı söyləyib. Həqiqətən belə bir şey var?
– Xeyr. Mən heç kəsi aldatmamışam. Sadəcə, ilk sözüm o olub ki, Avropaya üz tutacam, alınmasa, Azərbaycanda qalacam. Amma “Qəbələ” klubu ilə kubokun final oynundan sonra sağollaşıb ayrılmışam. Müqaviləm bitdiyi və azad agent olduğum üçün öz qərarımı verməli idim. Təklifləri gözləyirdim. Heç kimdən inciməmişəm və heç kimi də incitməmişəm. Hər kəslə də halallaşıb ayrılmışam.

“Qəbələ” Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşacaq Püşkü necə qiymətləndirərdiniz?
– “Qəbələ”yə uğurlar arzu edirəm. Kubdan ayrılsam da, “Qəbələ” mənim ürəyimdədir. Çox istərdim ki, mərhələni keçsinlər. Amma şansları bərabər görürəm.

CAHİD

Bənzər xəbərlər