featured-image-51370

Həftəsonu Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsi keçirilib.

Msport.az xəbər verir ki, iki gün davam edən yarışda Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edib.

Rəşid Babazadə ukraynalı Oleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidis (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda 1-ci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçdan (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovdan (3:0) güclü olub. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan Babazadə gümüş medalı boynundan asıb ki, bu da Rəşidin bu növdə ilk medalı olub.

Ramiz Həsənov A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvinə (2:0) qalib gəlib. Qrup lideri kimi yarıımfinala yüksələn Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Oleksey Yakovçuka şans tanımayıb – 3:0. Yusubov öncəki mərhələdə olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medalla kifayətlənib.

Komandamız 52 xalla ikinci yeri tutub. Millimiz çempion olan Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ (45) isə üçüncü pillədə qərarlaşıb.

Dünya Seriyasının 4-cü mərhələsi 21-22 sentyabrda Yunanıstanın Katerini şəhərində baş tutacaq.

Bənzər xəbərlər