featured-image-18819

“Sabah” 3 oyundur ki, qələbə qazana bilmir. Biz o komandadan danışırıq ki, bir ara “Qarabağ”la çempionluq mübarizəsi aparmağa namizəd göstərilirdi. Amma “Sabah” artıq liderdən 7 xal geri qalır. Maraqlıdır ki, Murad Musayevin komandası bu 3 oyunda meydanda azlıqda qalıb. Düzdür, rusiyalı mütəxəssis “Kəpəz”lə matçda Ceyhun Nuriyevə göstərilən qırmızı vərəqə ilə razılaşmır. Amma əlahəzrət fakt faktlığında qalır.

“Sabah” kubokda “Səbail”ə uduzdu, çempionatda isə aşağı sıralarda olan “Şamaxı” və “Kəpəz”i məğlub edə bilmədi. Bəs niyə haqqında olmazın təriflər səslənən komanda və onun baş məşqçisi 11 günün içində belə zərbələr aldı? Əslində məsələ heç də tam baş məşqçidə də deyil.

“Sabah”ın bu mövsüm uğurlu qrafik cızması və 2-ci pillədə getməsi klub prezidenti Maqsud Adıgözəlovla baş məşqçi arasında nüfuz savaşına gətirib çıxarıb. Heç kimə sirr deyil ki, Musayevi klubun Müşahidə Şurasının üzvü, İTV-nin baş direktoru Balaş Qasımov dəvət edib. Adıgözəlovun vaxtilə “Sabah”a gətirdiyi Şopiç, Qomes kimi mütəxəssislərin aqibətinin necə olduğunu isə yaxşı bilirsiniz. Təbii ki, bu da sponsorların nəzərindən yayınmır.

İndi isə Musayevin gəlib “Sabah”ı yüksək pillələrə çıxarması və yaxşı futbol oynatması (son matçlar istisna) klub prezidentini bir tərəfdən sevindirirsə, digər tərəfdən pəjmürdə edir. Adıgözəlov artıq başa düşür ki, “Sabah”da “number 1” o deyil. Hələ mən klubda olan digər söz sahibi “boz kardinal” Ramin Həsənovdan danışmıram. Klub prezidenti vaxtilə “Səbail”də işləmiş Həsənova çox güvənir. İcraçı direktor olan Ramin bəy Akademiyaya nəzarət etməklə yanaşı, transfer məsələlərində də önəmli rol oynayır. Təbii ki, rəhbər şəxslərin hər birinin klubda öz maraqları, öz kadrları ola bilər, bu, normal haldır. Əsas məsələ isə sponsorların yanında kimin sevimli kadr olması söhbətidir.

Yadıma Kaxaber Tsxadadze “İnter”in baş məşqçisi olduğu dönəm düşür. O zaman gürcüstanlı mütəxəssis birbaşa klubun rəhbəri Cahangir Hacıyevlə danışır, hər oyundan sonra ona mesaj yazırdı. Bu isə klubun prezidenti Nikolovu, eləcə də digər rəhbər şəxsləri qıcıqlandırırdı. Deyəsən, eyni proseslər indi “Sabah”da da baş verir. Adıgözəlovun mətbuatda “komandanın uğurlu çıxışı təkcə Musayevlə bağlı deyil” deməsindən sonra isə “Sabah” autsayderlərlə oyunlarda xallar itirir.

AYXAN   

 

Bənzər xəbərlər