“Sabah” daha da güclənib”
İsrailin “Makkabi” klubunun (Hayfa) baş məşqçisi Barak Bahar bu gün Macarıstanın Kişvarda şəhərində “Sabah”a qarşı keçiriləcək Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun ilk oyunu ilə bağlı fikirlərini bildirib.
Msport.az “isport”a istinadən xəbər verir ki, Bahar Azərbaycan təmsilçisi haqda müsbət fikirlər söyləyib:
“Hər halda, bu bizim ev oyunumuzdur. Bu, reallıqdır və biz bəhanə axtarmırıq. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görməyi gözləyirik. Ötən mövsümü Azərbaycan çempionatında ən yüksək yerlərdən birində başa vuran komandaya qarşı çətin oyun olacaq. Üstəlik, “Sabah” daha da güclənib. Gözləntilərimi aşağı salmıram, amma çətin matç olacaq. Amma komandanın bir araya gəlməyə başladığını hiss edirəm. Nəticənin də eyni dərəcədə vacib olduğunu bilirik. Biz maksimum hazır olmalıyıq”.