featured-image-22839

“Sabah”ın kapitanı Elvin Camalovun Msport.az-a müsahibəsi

– “Qarabağ”la 1:1 hesablı bərabərə qaldığınız oyunu necə şərh edərdiniz?
– “Qarabağ”la oyunlarımız həmişə çətin keçir. Bu dəfə də istisna olmadı. Fikrimcə, maraqlı oyun alındı. Hesabda geri düşsək də, sona kimi mübarizə aparıb bərabərlik qolunu vurmağı bacardıq. Məncə, stadiona gələn azarkeşlər izlədikləri oyundan razı qaldılar.

– Sizcə, 2 xalı “Sabah” itirdi, yoxsa “Qarabağ”?
– Hər iki komanda qalib gəlmək istəyirdi. Sona kimi bunun üçün çalışdılar. Həm “Qarabağ”ın, həm də bizim qələbə qazanmaq üçün şanslarımız var idi. Sonda heç-heçə qeydə alındı. Kimin xal qazanıb, kimin itirdiyini demək çətindir. Hər iki komanda 1 xal qazandı.

– Oyunun idarəçiliyi barədə nə deyə bilərsiniz? Xüsusilə Kristian da Silvanın zərbəsindən sonra topun rəqib futbolçunun əlinə dəydiyi epizod haqqında fikirləriniz maraqlıdır…
– Məncə, həmin epizodda aşkar penalti var idi. Top rəqib futbolçunun əlinə dəymişdi. Bu, aşkar görünürdü. Təəssüf ki, matçın baş hakimi monitorda həmin epizodun təkrarına baxsa da, fərqli qərar verdi.

– Xal itirməyinizdə Elçin Məsiyevin nə dərəcədə rolu oldu?
– Məncə, artıq bu barədə danışmağın mənası yoxdur. Bu geridə qaldı. İndi həmin oyunu unudub qarşıdakı matçlarımıza köklənməliyik.

– Artıq “Sabah”ın “Qarabağ”a layiqli rəqib olduğunu söyləmək olarmı?
– “Qarabağ” barədə xüsusi nə isə deməyə ehtiyac yoxdur. Hər kəs bu komandanın gücünə bələddir. “Sabah” çempionatın ən gənc klublarından biridir. Hər keçən gün bir az daha inkişaf edirik. Bu inkişafın davam etməsi üçün daim öz üzərimizdə çalışırıq.

– Murad Musayev hər zaman deyir ki, əsas hədəf avrokuboklara düşməkdir. Necə düşünürsünüz, hazırkı “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq olar?
– Biz hər növbəti oyunumuza köklənirik. Başqa məsələ ilə bağlı düşünmürük. Hər oyunda qalib gəlmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Qarşıda bizi “Turan Tovuz”la çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu görüşdən 3 xalla ayrılaq. Çempionatı neçənci pillədə başa vuracağımızı mövsümün sonunda görəcəyik.

CAHİD 

Bənzər xəbərlər