featured-image-20548

“Sabah”ın serbiyalı müdafiəçisi Boyan Letiçin Msport.az saytına müsahibəsi

– Antalyada təlim-məşq toplanışı necə keçir? Hazırlıq prosesindən razısınızmı?

– Hər şey plan üzrə gedir. Biz hazırlıq dövrünə uyğun olaraq, çox məşq edir, çempionatın ikinci hissəsinin startına mümkün qədər yaxşı hazırlaşmaq üçün səylə çalışırıq.

– İlk yoxlama oyununda Polşanın “Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə etdiniz. Matçı necə dəyərləndirərdiniz?

– Bunun ilk qarşılaşma olduğunu nəzərə alsaq, çıxışımızdan razıyam. Bütün oyunu nəzarətdə saxladıq, rəqibə təzyiq etdik, qol vurmaq üçün çox sayda şanslarımız oldu. Yaxşı vaxtda hesabı açdıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Rəqibin həmin epizoddan başqa, qol şansı olmadı. Amma bu, futboldur.

– Son dəqiqələrdə müdafidə kobud səhvə yol verdiniz…

– Dediyim kimi, rəqibin cəmi 1 imkanı oldu, bundan da yararlandılar. Çox təəssüf ki, yaxşı oyunumuzu qələbə ilə bəzəyə bilmədik. Mən ikinci hissədə meydanda olmadığım üçün qol buraxdığımız epizodu görə bilmədim. Bu, konsentrasiyanın azalması və ya zəif əlaqə səbəbindən ola bilər. Səhvlər futbolun ayrılmaz hissəsidir.

– Düzdür, yoxlama görüşlərində nəticə önəmli deyil. Amma matçdan sonra Murad Musayev çox əsəbi idi. Hətta müsahibəsində belə bir fikir işlətdi ki, qalib gəlmək istəməyən futbolçu gedib başqa idman növü ilə məşğul olsun. Bu iradlarla razısınız? Baş məşqçinin belə tələbkar olması üzərinizdə təzyiq yaratmır?

– Baş məşqçimizlə razıyam. Amma hesab edirəm ki, qalib gəlmək istəməyən futbolçu yoxdur. Vacib oyunlar bir yana, şəxsən mən məşqdə belə, qələbə qazanmaq istəyirəm.

– Sizcə, komanda mövsümün ikinci yarısına necə faiz hazırdır?

– Bunu bir neçə oyundan sonra görəcəyik. Amma ikinci dövrəyə ən yaxşı şəkildə başlamaq üçün əlimizdən gələni edəcəyik. Çünki hədəfimiz var və ona doğru irəliləyirik.

– Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Mümkün olacaq?

– Bütün oyunlarda qələbə qazansaq, istəyimizə çatarıq.

CAHİD 

Bənzər xəbərlər