featured-image-46975

“Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq. Çətin matç idi. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokubok mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Yeddi ayın komandasıyıq. İndi iddialıyıq, bu, məni çox sevindirir”.

Msport.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXXI turunun “Araz-Naxçıvan”la görüşündən (2:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Müdafiənin mərkəzindəki seçimləriniz sürpriz oldu. Bunu nə ilə əlaqələndirirsiniz?

– Limitlə bağlı deyildi. Bizim ən çox rotasiya etdiyimiz mövqe müdafiənin mərkəzidir. Səhvləri minimuma endirmək istəyirik. Futbolçuları son həftədəki məşqlərə görə seçdim. 49 qol buraxmışıqsa, 30-a yaxını fərdi səhvlərə görədir. Yeni komandayıq, bunlar da olacaq.

– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Avrokuboklara vəsiqə baxımından bunu həlledici oyun saymaq olar?

– Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. Son matça qədər “Səbail” döyüşəcək.

– Heyətiniz imkan verəcək ki, sona qədər mübarizə aparasınız?

– “Səbail” funksional hazırlığı yaxşı olan komandalardandır. Gücümüzə, potensialımıza inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insani yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq.

– Legionerlərin əksəriyyətinin müqaviləsi bir illikdir. Kimlər gedəcək, kimlər qalacaq?

– Futbol nəticənin üzərində dayanan oyundur. Həm tələsmirik, həm də gecikirik. Komandanın harda olmasından çox şey asılıdır. Radikal dəyişikliklər istəmirik. Komandada 90 faiz dəyişiklik olanda, stabillik alınmır. Güclənməyə də ehtiyac var. Heç bir futbolçu ilə danışıq aparmamışıq. Futbolçuların hər biri burada xoşbəxtdir. Hər halda, bizim qərarlarımızdan asılı olan məsələdir.

Bənzər xəbərlər