featured-image-44737

Samir Abasov “Sumqayıt”da heç nədən konfet yarada bilib. “Gənclər şəhəri”nin komandası dünən 6 xallıq oyunda “Səbail” üzərində qələbə qazandı. Hərçənd meydan sahiblərinin də qol imkanları oldu, hətta Pedro Nuno penaltini dəqiq yerinə yetirə bilmədi.

“Sumqayıt” 39 xalla turnir cədvəlində 2-ci yeri tutur və “Səbail”i iki, hələ ki bir oyun az keçirən “Neftçi” və “Zirə”ni isə 3 xal qabaqlayır. Bu gedişlə, “Sumqayıt”ı yayda avrokuboklarda görəcəyik. Heyətinə görə “Neftçi”, “Sabah”, “Zirə”, hətta deyərdim ki, “Səbail” və “Araz Naxçıvan”dan da geri qalan komanda turnir cədvəlində yalnız “Qarabağ”ın arxasındadır.

“Sumqayıt”ın builki uğurlarının yalnız bir memarı var – o da Samir Abasov. Komandanın çempionatda 2-ci yeri tutması, özünəməxsus oyun dəsti-xəttinin olması sırf baş məşqçinin adı ilə bağlıdır. Klub idarəçilərinin və ya prezidentin bu məsələdə demək olar, heç bir rolu yoxdur.

Abasov taktiki baxımından əvəllər buraxdığı səhvləri təkrarlamasa da, o, məşqçi kimi hələ çox böyüməlidir. Dünən oyundan sonra meydanın ortasındaca Masaki Murataya səhvlərini başa salması yumuşaq desək, doğru deyil. Təbii ki, Pep Qvardiolanı misal çəkəcəyinizi bilirəm. Elə dünən də sosial şəbəkələrdə Pepin Haalandı danladığı video Abasovun epizodu ilə yanaşı müzakirə olundu. Qvardiola böyük məşqçidir, buna heç kimin şübhəsi ola bilməz. Lakin onun etdikləri doğrudurmu? Qətiyyən yox! Futbolçunu danlamaq üçün paltardəyişmə otağı var, komandanın iclası var və s.

Hərdən mənə elə gəlir ki, Abasov bu cür hərəkətləri qəsdən edir, həmkarlarından fərqlənmək, azarkeşlər tərəfindən sevilmək üçün. Amma dərindən təhlil edəndə görürsən ki,  yox, bu, onun özündən asılı olan məsələ deyil. Sadəcə özünü ələ ala bilmir. Emosiyalarını hər kəsin qarşısında büruzə verir. Abasovun mətbuat konfransında dedikləri də bir ayrı mövzudur. O, bəzən sərhədləri tapdalayıb keçir, lazım olmayan məsələni gündəmə gətirir və klub rəhbərliyini çətin vəziyyətə salır.

Əgər Samir bəy yaxın vaxtlarda milli komandaya rəhbərlik etmək istəyirsə, yavaş-yavaş bu xasiyyətindən əl çəkməlidir. Klubdan fərqli olaraq, millidə bu cür ipə-sapa yatmayan məşqçinin çalışması mümkünsüz görünür. Sabah beynəlxalq oyunlarda elə kəlimələrdən istifadə edə bilər ki, bu, böyük qalmaqala gətirib çıxarar. PFL-in sabiq prezidenti Ramin Musayevin “Lex”i “lox” elədik dediyi kimi.

Lakin görünən odur ki, Qurban Qurbanovdan sonra yerli məşqçilər arasında ən böyük irəliləyişə nail olan Samir Abasovdur. Bu cür heyətlə belə futbol oynatmağı hər kəs bacarmaz. Amma cücəni payızda sayarlar. Görək, mövsümün sonuna kimi “Sumqayıt” bu tempə davam gətirə biləcəkmi?

Bənzər xəbərlər