"Səbail"in problemini çox yaxşı bilsəm də, açıqlamağı düzgün hesab etmirəm" - Aftandil Hacıyev
“Səbail” komandasının sabiq baş məşqçisi Aftandil Hacıyevin Msport.az saytına müsahibəsi.
- Bu günlərdə AFFA İcraiyyə Komitəsi De Byazinın hesabatını dinlədi və italiyalı məşqçini postunda saxladı. Bu qərarı necə qiymətləndirirsiz?
- Belə qərarın verilməsi gözlənilən idi. Çünki müqavilə yeni artırılıb. İndi göndərsəydilər, müqavilənin uzadılmasının yanlış olduğu görünəcəkdi. Bunu da AFFA rəsmiləri yaxşı bilirlər. Bu səbəbdən də millimizin baş məşqçisi öz işinin başında qaldı.
- Son vaxtlar belə fikirlər səslənir ki, 1:4, 0:5 uduzmaqdırsa, milliyə elə gənc yerli məşqçilərdən biri rəhbərlik etsin.
- Mən həmişə millidə yerli məşqçilərin çalışmasının tərəfdarı olmuşam. Gənc və ya təcrübəli fərq etməz. Yetər ki, müasir futbolu bilən, işini sevən biri olsun.
- Sabah” tarixində ilk dəfə “Qarabağ” üzərində qələbə qazandı və komanda avrokuboklarda debüt edəcək. Sizcə komanda bu il qrupa düşə bilər?
- “Sabah”ın çempionat boyu yaxşı oyunlarının sayı çox oldu. Xüsusən də “Qarabağ”la bütün görüşlərdə inamlı təsir bağışladılar. Düzdür, komandanın mövsüm ərzində gözlənilməz məğlubiyyətləri də oldu. Amma ən əsası “Sabah” inkişafdadır. Bu il olmasa da, yaxın gələcəkdə belə davam etsələr, maliyyəni azaltmasalar, onları qrupda görə bilərik.
- Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Kimin şansı daha çoxdur?
- Premyer Liqada yerini təmin etmək üçün demək olar ki, 3 komanda mübarizə aparacaq – “Sumqayıt”, “Şamaxı” və “Səbail”. Bu 3 klubun hər biri hələ təhlükəli zonadadır və vəziyyətlərini düzəldə bilməyiblər. Düzü, axrıncı yeri hansı komandanın tutacağını demək çox çətindir.
- Şahin Diniyev kimi təcrübəli mütəxəssis də sizin keçmiş komandanız “Səbail”i sonuncu yerdən çıxara bilməyib. Bu komandanın problemi nədir?
- “Səbail”in problemini çox yaxşı bilsəm də, açıqlamağı düzgün hesab etmirəm. Klubun rəhbərliyi var, məşqçiləri var özləri bunun səbəblərini taparlar.
- Niyə bu cür büdcə, legionerlərlə “Səbail” axırıncı yerdə gedir?
- Büdcənin çox olmağı hələ yaxşı komanda formalaşdırmaq anlamına gəlmir. “Səbail”də hər cür şərait var ki, komanda sonuncu yeri tutmasın. Niyəsini isə bayaq dediyim kimi bilsəm də, deməyəcəyəm.
- Son vaxtlar Samir Abasov, Şahin Diniyev belə fikir səsləndiriblər ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk etməsin? Bu nə dərəcədə düzgündür? İdman prinsipləri bununla pozulmur ki?
- Əlbəttə, ikisi də istəyər ki, yüksək liqadan heç bir komanda aşağı düşməsin. Çünki Premyer Liqanı tərk ehtimalları var. Məncə, sonuncu yeri tutan komanda çempionatı tərk etməyəndə maraqsız olur. Amma klubların sayının artırılması da önəmlidir. Düşən düşsün, yerinə 3 komanda gəlsin. Belə olan halda idman prinsipləri də qorunar, ildən-ilə komanda sayı da artar. Onsuz da bizdə iki aya yığılıb Premyer Liqada çıxış edən kollektivlər çox olub. Belə bir təcrübəmiz var artıq. Amma önəmli olan odur ki, bir qayda formalaşsın. Və yaxu da iki komanda Premyer Liqaya qalxsın, sonuncu yeri tutan isə I diviziondakı 3-cü klubla pley-off matçı oynasın. Ən azı belə variant da tətbiq etmək olar.
AYXAN