"Şelburn" bizim üçün təhlükəli rəqibdir" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şelburn”la Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransı keçirib.
Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matça hazır olduqlarını deyib:
“Çox yaxşı komandaya qarşı oynayacağıq. Onlar haqqında yalnız müsbət fikirlər səsləndirə bilərəm. Mən komandanın oyununu canlı izləmişəm. Onların öz oyun dəsti-xətti var. Futbolçular çox intizamlıdır və tapşırıqları yerinə yetirirlər. Həm də oyunçuların fiziki hazırlığını qeyd edərdim. Onlarda çempionat davam edir. Bizə nisbətən bu baxımdan üstünlükləri var. “Şelburn” Çempionlar Liqasında artıq 2 oyun keçirib. Ola bilsin ki, rəqib daha hazırlıqlı oldu. Rəqibi daha yaxşı öyrənməyə çalışdıq. Sabah səhvsiz oynamağa çalışacağıq. Ümid edirəm ki, azarkeşlər üçün maraqlı oyun göstərəcəyik. Burda stadion böyük olmasa da, atmosfer həmişə yaxşı olur.
-“Şelburn” “Qarabağ” üçün hansı təhlükəni yarada bilər?
-Deyərdim ki, rəqibin futbolçuları böyük istəklə oynayırlar. Onlar sürətli əks-hücumlara çıxmağı bacarırlar. Standart vəziyyətlərdə yaxşıdırlar. “Şelburn” bizim üçün təhlükəli rəqibdir. Odur ki, biz səhvlərimizi minimuma endirməliyik.
-“Qarabağ” 11 ildir ki, ardıcıl avrokubokların əsas mərhələsində çıxış edir. Bunun sirri nədir?
-Heç bir xüsusi sirr yoxdur. Klub öz işinə məsuliyyətlə yanaşır. Bunun sayəsində biz uğur qazanmışıq. Hər il hansısa problemlər olur. Amma 11 ildir ki, əsas mərhələdə oynamağımız böyük uğurdur.
-Sabahkı oyunda heç-heçə sizi qane edəcək?
-Ola bilsin ki, bizi hətta minimal hesablı məğlubiyyət də qane etsin. Qarşıda cavab oyunu var və biz həmin matça daha yaxşı hazırlaşa bilərik. Bizi çox intizamlı komandaya qarşı oyun gözləyir. Onları tərifləmək istəmirəm. “Şelburn” komandası həqiqətən də bu sözləri haqq edir. Öz meydanlarında daha çox təhlükəlidirlər. Burda onlara qarşı oynamaq çox çətindir. İki oyunun nəticəsinə əsasən mərhələni keçən komanda məlum olacaq.