Sənan Qurbanov: “Bundan əvvəl də yaxşı oynayırdıq…”
“Hər iki komanda üçün vacib oyun oldu. Aşağı sıralarda gedən komandalar üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik”.
Msport.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Sonuncu pillələrdə olmaq istəmirik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti oyuna hazırlaşmalıyıq” – deyə o bildirib.
Qurbanov rəqibin son iki matçını təhlil etdiklərini də söyləyib: “Zirə” ilə görüşdə çox yaxşı oynamışdılar. “Neftçi”yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq tətbiq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın boşalmasını istəmirdim”.