featured-image-24652

“Səbail”in serbiyalı yarımmüdafiəçisi Matiya Lyuyiçin Msport.az saytına müsahibəsi

– Artıq bir aya yaxındır Azərbaycandasınız. Futbolumuz haqqında təəssüratlarınız necədir?
– Azərbaycan futbolunun səviyyəsi yaxşıdır. Futbolçular fiziki cəhətdən hazırlıqlıdır. Buraya gəlməzdən əvvəl bilirdim ki, Premyer Liqada oynamaq çətindir.

Azərbaycan Premyer Liqasını əvvəl oynadığınız ölkələrin çempionatlarında fərqləndirən əsas amil nədir?
– Əsas fərq azarkeşlə bağlıdır. Başa düşmürəm, niyə insanlar stadiona gəlmirlər? Bəlkə də yerli camaat bunun səbəbini bilir. Bakıda 3-4 milyon insan var, amma stadionlar boşdur.

– Adaptasiya problemini geridə qoyduğunuzu söyləmək olar?
– Gözlədiyimdən tez uyğunlaşıram. Çünki klubun otelində qalıram və burada hər şeyim var. Komandadakı insanlar mənə çox kömək edirlər.

– Bakı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı. Şəhəri gəzmək imkanınız olub?
– Çox gözəl şəhərdir. Burada xoşuma gəlməyən yeganə şey küləkdir. Havanın küləkli olması oyunlara çox təsir edir.

– 29 yaşınız var və “Səbail” peşəkar karyeranızda 12-ci klubdur. 10-11 ildə bu qədər komanda dəyişmək çox deyil?
– “Səbail”in 12-ci klubum olduğunu bilmirdim (gülür). Amma hər bir ölkənin çempionatı və mədəniyyəti mənim üçün təcrübədir. Ona görə də hər yeni kluba başqa oyunçulardan daha tez uyğunlaşa bilirəm. Bu qədər çox klub dəyişdiyimi indi bildim. Futbol elədir ki, gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Bəzən hansısa klub səni alır, baş məşqçi və ya prezident dəyişir və bu, karyerana təsir edir. Bəzən də daha çox pul üçün gedirsən.

– Yəqin ki, Azərbaycan oynayacağınız son ölkə olmayacaq…
– “Uypeşt”lə daha bir illik müqaviləm var, burada icarə əsasında çıxış edirəm. Amma mümkün olsa, Azərbaycanda daha uzun müddət qalmaq istəyərəm. Bununla bağlı heç bir problem yoxdur.

– “Səbail” komandası haqqında nə deyə bilərsiniz?
– Yaxşı kollektivimiz var və biz sonuncu pilləyə layiq deyilik. Bunu oyundan-oyuna göstərəcəyik. Daha çox xal toplamalıyıq.

– Komandanızda stabillik yoxdur. Bunu nə ilə izah edərdiniz?
– Futbolda çox vaxt hər şey kənardan göründüyü kimi 100 faiz olmur. Məşqçi heyəti və oyunçular, bir sözlə, hamımız birlikdə çalışırıq və zəhmətlə yuxarı sıralara yüksələcəyik. Əzmlə məşq edirik və əminəm ki, hələ çox qələbə qazanacağıq.

CAHİD 

 

Bənzər xəbərlər