“Şerif”in futbolçusu: “Bakıda hər şey çox gözəldir”
“Zirə”nin müdafiə xətti çox güclüdür”.
Msport.az xəbər verir ki, bunu “Şerif”in üzvü Əyyub Allaş Avropa Liqasının birinci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Bakıda penaltilər seriyasında mərhələ adlayan Moldova klubuna bu yay transfer olunan sabiq “Qəbələ”li öz çıxışını belə dəyərləndirib: “Bilirdik ki, çətin matç olacaq. İlk görüşdə zəif oynamışdım. Çünki komandaya gec qoşulmuşam. İndi daha hazırlıqlıyam”.
Mərakeşli vinger Bakı klubunu yaxşı tanıdığını söyləyib: “Zirə”nin müdafiə xətti çox güclüdür. Bunu bilirdim. Çünki ötən mövsüm onlara qarşı 6 dəfə oynamışdım. Mərhələ adladığımız üçün şadam. Bu oyunda qalib gəlmək mənim üçün vacib idi. Avropa Liqası mühüm turnirdir və biz burada mübarizəni davam etdirmək istəyirdik”.
Penaltilər seriyasında həlledici zərbənin müəllifi olan 26 yaşlı futbolçu təşvişə düşmədiyini qeyd edib: “Müəyyən qədər təzyiq var idi. Amma peşəkar futbolçuyam. Təvşivə düşmədim. Çünki bu, futboldur və hər an hər şey ola bilər. Böyük futbolçular da penaltini qaçıra bilər”.
Ə.Allaş yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Bakıda hər şey gözəldir. İnsanlar çox yaxşıdır. Hər kəsə minnətdaram. Məni burada çox yaxşı qarşıladılar. Təbii ki, azarkeşlər nəticəyə görə məyusdur. Onların adına üzülürəm. Amma bu, futboldur. “Zirə” də mərhələ adlamaq istəyirdi, mən də”.