featured-image-30189

Ramil Şeydayev “Qarabağ”la yeni müqavilə bağlamır. Millimizin hücumçusunu böyük ehtimalla gələn mövsüm Ağdam klubunda görməyəcəyik. Bir tərəfdən yaxşıdır ki, 27 yaşlı futbolçu ölkə xaricinə çıxır, yenidən legioner həyatı yaşamaq istəyir, digər tərəfdən “Krılya Sovetov”, “Dinamo” (Moskva), “Trabzonspor” təcrübəsini göz önünə gətirdikdə, yenidən içimizdə bir şübhə yaranır.

Axı Şeydayev son illər ən yaxşı mövsümünü məhz “Qarabağ”da keçirdi. O, 22 qolla Premyer Liqanın bombardiridir, avrokuboklarda da Azərbaycan çempionuna xeyiri az dəymədi. Bir sözlə, forvard Qurban Qurbanovun rəhbərliyi altında formasının pik səviyyəsinə yüksələ bildi.

İndi yığmamızın hücumçusu yenidən özünü ölkədən kənarda sınamaq istəyir. Əgər bu yaxınlara qədər onun bir daha Rusiyaya qayıdacağı deyilirdisə, dünən futbolçunun Ərəbistan variantının olduğu gündəmə gəldi.

Deyilənə görə, “Sumqayıt”ın prezidenti, amma hələ də menecer kimi fəaliyyətini davam etdirən Riad Rəfiyev yağlı vədlərlə Şeydayevin ağlını başından alır, ona yaxşı variantlar təklif olunduğunu deyir. Bir sözlə, “Sumqayıt”ın prezidenti komandasının Premyer Liqada qalmaq üçün çarpışdığı bu günlərdə menecerliyə də vaxt tapır. Adamın komandası 4 oyunda “Sabah”dan 17 top buraxıb, o, isə hələ də futbolçuları xaricə yollayıb qazanmaq sevdasında.

Emin Mahmudovun da “Neftçi”dən ayrılmaq istəməsinin səbəbkarı prezident-menecerdir. Vaxtilə Mahmudovu “Boavişta”ya düzəldən Rəfiyev indi də ona xaricdən variantlar axtarıb tapır. O, kapitanı inandırıb ki, burdan qat-qat yaxşı maaşla komanda var. Yığmamızın yarımmüdafiəçisinin tərəddüd etməsinin səbəbi də budur. Hətta “ağ-qaralar” onun pulunu artırsa da, Mahmudov yeni müqaviləyə qol çəkməyə tələsmir. Çox maraqlıdır ki, hər iki futbolçu özlərini məhz burda tapdılar – Ramil “Qarabağ”da, Emin isə “Neftçi”də. Getsələr, necə olacaq, oynaya biləcəklər, ya yox, bax bu böyük sual doğurur.

AYXAN  

Bənzər xəbərlər