featured-image-36149

“Bura qələbə üçün gəlmişdik. Amma oyuna pis başladıq. Bunun da nəticəsini ödədik. İkinci hissədə yetərincə inamlı və yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf biz idik”.

Msport.az xəbər verir ki, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin Misli Premyer Liqanın 4-cü turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Konfrans Liqasında “Partizan”la cavab oyunundan sonra komandada ruh düşkünlüyü yaratması fikri ilə razılaşmayıb: “Mən belə düşünmürəm. “Neftçi” məgər pis komandaydı ki ruh düşkünlüyü olsun? Gəlin, “Neftçi” və “Partizan” oyunu haqda yox, “Zirə” görüşü barədə danışaq”.

Rusiyalı məşqçi qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: “Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq. Qol fürsətlərimiz çox oldu. Məğlubiyyətdən qaçmaq və hesabda önə keçmək üçün də yetərincə vaxtımız var idi. Əsasən də sonuncu fazada, son nöqtəni qoya bilmədik”.

Olenin Ayaz Quliyev barədə danışmaq istəməyib: “Gələn oyunda Murad Musayev olacaq. Özünüz ondan Ayaz barədə soruşarsız”.

“Sabah”ın məşqçisi start heyətini birlikdə müəyyənləşdirdiklərini vurğulayıb: “Təbii ki, baş məşqçi və məşqçilər korpusu müəyyənləşdirmişdi. Tellur “Neftçi” ilə görüşdə özünü yaxşı tərəfdən göstərmişdi. Bu oyun üçün hazırlıqda da, məşqlərdə də yaxşı idi”.

Bənzər xəbərlər