“Sumqayıt” azarkeşləri möhtəşəm atmosfer yaratmışdılar”
“Azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar. Bu cür ab-havada futbol oynamaq xoş idi. Bizimlə birgə uzun yol qət edərək Bakıya gələn azarkeşlərimizə minnətdaram”.
Msport.az xəbər verir ki, bunu Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt”la səfər oyununda qələbə qazanan (2:1) “Fehervar”ın futbolçusu Çaba Şpandler deyib.
Şpandler Sumqayıtdakı qarşılaşmada komandasının qələbə qolunun müəllifi olub. Macarıstan klubunun rəsmi saytına danışan müdafiəçi oyunu şərh edib. O, hesabda geri düşmələrinə baxmayaraq, sonradan vəziyyəti dəyişə bildiklərini və düzgün oynadıqlarını qeyd edib: “İkinci hissə başlayan kimi rəqibin üzərinə getdik, hücumlarımızı artırdıq. Həmin 10-15 dəqiqədə daha 2-3 qol vura bilərdik. Amma qeydə alınan nəticədən razıyıq. Çünki səfərdə qələbə qazanmışıq”.
Şpandler “Sumqayıt” haqda müsbət fikirlər səsləndirib: “Rəqib güclü komandadı. Hətta 10 nəfərlə qaldıqdan sonra da ağıllı futbol oynadılar. Bu onu deməyə əsas verir ki, cavab görüşü daha çətin keçəcək. Macarıstandakı oyunda azarkeşlərimizin stadionda əla atmosfer yaradacağına və onların önündə də qalib gələcəyimizə inanıram”.