featured-image-30064

Hərdən adama elə gəlirdi ki, Premyer Liqa klubu ilə I divizion təmsilçisinin mübarizəsini izləyirsən. Arada o boyda fərq var idi.

Samir Abasov bir müddət əvvəl demişdi ki, Sumqayıt şəhərinin Premyer Liqadan kənarda qalması faciə olar. Amma əslində faciə dünən onun komandasının göstərdiyi oyun idi.  “Sumqayıt” sonuncu olsaydı, buna görə onlara xüsusi güzəşt edib, elitada saxlamalı idilər?

Gümüş medalı özünə təmin edən, heyətdə bəzi dəyişiklərə əl atan “Sabah” yenə “Sumqayıt”ı böyük hesabla məğlub etdi. Cari mövsümdə bu komandalar 4 dəfə qarşılaşıblar və bütün oyunlarda Murad Musayevin yetirmələri böyük hesabla qalib gəlib. Topların fərqi isə 17:0-dır. Ustalıq səviyyəsini başa düşdük, paytaxt klubunun daha keyfiyyətli oyunçulara malik olduğunu anladıq, bəs əzmkarlıq, bəs meydanda can qoymaq? Dünən bunların heç biri yox idi.

“Sumqayıt”ın heyəti “Şamaxı”dan da zəif deyil ki. Halbuki cari mövsümdə “Şamaxı”nın “Sabah” üzərində qələbəsi var. Demək, məsələ təkcə ustalıq səviyyəsi deyil. Görünür, Samir Abasov rəqibi yaxşı təhlil etmir, “Sabah”a qarşı ortaya heç nə qoya bilmir.

Dünən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi bildirdi ki, heyəti başdan-ayağa dəyişəcəklər. Bəs qışda bu futbolçuları gətirən kim idi? Murata, Karioka, Tisdel, Abubakar – bütün bu legionerlər məhz Abasovun dövründə “Sumqayıt”a təşrif buyurublar. Yəni onun seçib, bəyəndiyi futbolçulardır. İndi onlardan da narazıdır. Yayda yenə bir dəstə əcnəbi gələcək…qışda yəqin onları da yararsız məhsul kimi geri göndərərlər.

Abasov “Sumqayıt”a ikinci qayıdışı zamanı ona böyük ümidlər bəslənilirdi. Bu komandada işləmişdi, şəhərdə onu sevirlər, üstəlik, “Neftçi”ni çempion edib gəlirdi. Lakin zaman göstərdi ki, o da “Sumqayıt”ı burulğandan çıxara bilmir.

“Sumqayıt”ın prezidenti Riad Rəfiyev, Samir Abasov, futbolçuları dünənki oyuna görə utanmalıdırlar. Abasov “dejurnı”dan kvartala gedəndə xəcalətdən başını qaldırmamalıdır. Rəfiyev utandığından “Azərkimya”nın qapısını açmamalıdır.

AYXAN 

 

 

 

 

Bənzər xəbərlər