"Təkrara baxdıqda da görmək olur ki, bu, qırmızı vərəqə deyil" - Murad Musayev
“Kəpəz” – “Sabah” oyunundan (2:2) sonra paytaxt klubunun baş məşqçisi Murad Musayev fikirlərini bildirib.
Msport.az xəbər verir ki, CBC Sport-a açıqlama verən rusiyalı mütəxəssis son oyunlardakı xal itkilərini belə qiymətləndirib:
“Xal itirdiyimiz hər oyunda bunun öz səbəbləri olub. Amma ümumilikdə mən razılaşıram ki, biz ən yaxşı oyunumuzu göstərə bilmirik. Qış fasiləsinə kimi 2 oyun qalıb. Vacib olan budur ki, bütün gücümüzü qoyub bizim üçün uğurlu gedən mövsümün fasiləsinə bu cür notlarla yollanaq”.
“Sabah”ın baş məşqçisi son 3 görüşdə komandasının meydanda azlıqda qalmasına da münasibət bildirib:
“Hər üç qırmızı vərəqə fərqli səbəblərdən olub. Birinci, bəli, 100 faiz intizamsızlığa görə idi (Sebalyosun “Şamaxı” ilə matçda aldığı “qırmızı” nəzərdə tutulur – red.). İkinci oyunda qapıçı Nicat Mehbalıyevin texniki səhvi oldu. O, qaydanı pozmaq istəmirdi, sadəcə belə alındı. Bu gün isə ümumiyyətlə, qırmızı vərəqə yox idi. Top autdan çıxır. Yan xətt hakimi bayrağını qaldırır, 4-cü hakim qışqırır ki, autdur. O, oynamağa imkan verir, sonra qarışıqlıq yaranır. Hətta təkrara baxdıqda da görmək olur ki, bu, qırmızı vərəqə deyil, o, ayağını tutur. Ona görə də bütün vərəqələr fərqli səbəblərdən olub”.
Musayev qış fasiləsində heyəti bir-iki futbolçu ilə gücləndirmək istdiklərini deyib: “Artıq bu məsələ barədə danışmışam. Ola bilsin ki, bir-iki transfer olsun. Lakin məhz bizim komandanı gücləndirə biləcək futbolçular tapmaq lazımdır. Və bu transfer istəyim son nəticələrlə bağlı deyil”.







