Tərlan Əhmədov: "İllərlə nəticə verdim, adıma söz-söhbətlər çıxdı"
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Kəpəz” – “Sabah” matçından sonra (2:2) Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı danışıb:
“İki ev oyununda uduzmaq üzücü hadisə idi. Uşaqlarla söhbətimiz oldu ki, azarkeşlər gəlir, baxırlar, Gəncə özü futbol məktəbidir, fanatlar dəstək olurlar. Biz də onları sevindirməliyik. “Kəpəz”ə gəldikdən sonra biz daha çox aqressiv oyuna, hücum futboluna üstünlük veririk. Amma bilirdim ki, “Sabah” kimi komanda ilə hücum futbolu oynamaq olmaz. “Turan Tovuz”a məğlubiyyətdən sonra başqa taktika üzərində işlədik. Müdafiə olunmaq və daha çox əks-hücumlara çıxmaq. “Sabah” büdcə baxımından bizdən üstündür. Ehtiyat oyunçuları da yüksək səviyyəlidirlər, oyunu dəyişəcək gücə malikdirlər. Lakin bizdə heyət baxımından kasadlıqdır. Əvvəlki görüşlərə baxanda son 2 turda biz daha maraqlı oyun göstərirdik. Hətta hesabda önə də keçirdik, lakin ikinci hissədə sönük futbol oynayırdıq.
Bu gün də komanda 90 dəqiqə mübarizə apardı. İki qol vurdu. Hətta bir epizodda da fərqlənə bilərdik. Çalışdıq ki, rəqib qol epizodları yaratmasın. Bilirdik ki, təzyiq çox olacaq. Bu gün birlik, komanda ruhunu meydanda gördük. Onun hesabına da 1 xal qazandıq. Qalib də gələ bilərdik, amma bu günkü vəziyyətə baxanda 1 xal da pis deyil”.
Gəncə klubunun çalışdırıcısı qış fasiləsindəki planlarını açıqlayıb: “Bir az işimiz çətin olacaq. Komandaya yeni futbolçular cəlb etməliyik. Gedənlər də olacaq. Artıq rəhbərliklə də söhbətim olub. Yaxın günlərdə kimlərin göndəriləcəyini eşidəcəksiniz. Mən siyahını rəhbərliyə təqdim etmişəm. Yeni futbolçular cəlb olunmalıdır. Akademiyaya da üstünlük veririk, ordan oyunçular götürmüşük. Beş gənc futbolçuya üstünlük veririk, ikisi də diqqətimizdədir. U-19 və U-21-ə namizəd olan bir neçə futbolçu ilə də danışıqlar aparırıq. Hücum xəttinə və müdafiənin mərkəzinə legionerlər gətirəcəyik. Bunların üzərində işimizi davam etdiririk. Axtarışlarımız gedir. Təlim-məşq toplanışına yeni cəlb olunan futbolçularla qatılmaq istəyirik”.
Tərlan Əhmədov Əfran İsmayılovun saytımıza verdiyi açıqlamaya da münasibət bildirib: “Komandanı gəncləşdirmək istəyirik. Mən yeni gələndə İdarə Heyətinin sədri İlqar müəllimlə bu barədə söhbətimiz olmuşdu. Qarşıma komandanı Premyer Liqada saxlamaq məqsədi qoyulub. Mən də demişdim ki, qışa qədər bacardığımız qədər xal toplayacağıq. Fikrim o idi ki, I dövrəni 15-17 xalla başa vuraq. Bu bizə yetərli olardı. Amma təəssüf ki, bu xalları əldə edə bilmədik. Oturub fikirləşdim ki, komandaya yeni nəfəs lazımdır, heyəti gəncləşdirmək gərəkir.
Əfran İsmayılova gəlincə, uzun müddət zədədən əziyyət çəkib. Həmin müddətdə də komandaya heç nə ilə kömək etməyib. Mən də fikirləşdim ki, yaşı da çoxdur. Yeni nəsilə şans versək, daha yaxşı olar. Bilirəm, söz-söhbətlər çoxdur. Belə şeylərə vaxt ayırmaq istəmirəm. Qızıl vaxtımı komandamın uğuruna ayıraram. Hamıya da demişəm, illərlə nəticə verdim, adıma söz-söhbətlər çıxdı. Bu gün də kim nə istəyir, deyə bilər. Əsas məqsədim “Kəpəz”in komanda kimi qurulmasıdır. Gəncə futboluna dəstək, ona xeyir verəcək gənc futbolçular cəlb olunmalıdır. O baxımdan artıq qərarı vermişəm. Rəhbərlik də bunun üzərində işləyir. Əfran məsələsi artıq keçmişdə qalıb. Yolu açıq olsun, təcrübəli futbolçudur yerini gənclərə versə, daha yaxşı olar”.







