featured-image-16210

“Kəpəz”in futbolçusu Rauf Əliyevin Msport.az saytına müsahibəsi

Ötən tur I Divizionda yenidən fərqləndiniz. Yəqin ki, aşağı dəstədə qol vurmaq elitadakından daha asandır…
– Əlbəttə. Bunlar keyfiyyət, futbolçuların səviyyəsi baxımından fərqli çempionatlardır. Mən də “Kəpəz”in əvəzedici komandasına, baş məşqçi Xaliq Mərdanova kömək etməyə çalışıram. Həm futbolum, həm də təcrübəmlə uşaqlara dəstək olmaq üçün əlimdən gələni edirəm. Bura vaxt keçirməyə gəlməmişəm. Xaliq müəllimlə əvvəldən münasibətim yaxşı olub. Az müddət də olsa, birlikdə oynamışıq. Hər şey normaldır. Davam edirik. Şükürlər olsun ki, mən əvəzedicilərə gedəndən sonra yaxşı nəticələr qazanırıq.
Daha çox iddialı komandalarda çıxış etmisiniz. Hazırda isə I Divizionda oynayırsınız…
– Orada oynamağım öz istəyimlə alınmayıb. Belə bir şeyin baş verəcəyini fikirləşmirdim. Buraya əsas komandada oynamaq üçün gəlmişdim. Amma belə alındı. Nəyin necə olacağını, burada qışa, yoxsa yayadək davam edəcəyimi bilmirəm.

Aşağı dəstədə oynamaq sizə necə təsir edir?
– Normal. Elə çox çətinlik çəkmirəm. Heç bir problem yoxdur. Bəlkə cavan olsaydım, deyərdim ki, yox, daha yaxşı komandada oynamalıyam. Ola bilər ki, bəlkə də karyeramın sonları olduğu üçün belə düşünürəm. Ona görə də üzülmürəm və ciddi narahatlığım yoxdur.

Mövsümün sonunda karyeranızı bitirmək ehtimalı var?
– Gedişata baxacağam. Ayağımda zədə ilə bağlı problem var. Görsəm ki, məni çox incidir, bu, sonuncu mövsümüm olacaq.

Hazırkı gedişat nəyi göstərir?
– Hələlik hər şey normaldır. Qəti qərarım yoxdur. Davam edirəm.

Bayaq qeyd etdiniz ki, I Diviziona vaxt keçirmək üçün getməmisiniz. Bunu deməklə, bir növ, intizamlı futbolçu olduğunuzu göstərirsiniz. Amma maraqlıdır ki, Tərlan Əhmədov sizi əsas komandadan məhz intizamsızlığa görə kənarlaşdırıb. Ən azından özü səbəb kimi bunu göstərib…
– Heç bir baş məşqçi ilə intizam barədə problemim olmayıb. Milli və klub səviyyəsində yaxşı çıxışlarım çox olub. Mənim problemim intizamla bağlı deyil. Tərlanın qarnının ağrısı nə idisə, gələn kimi ilk məşqdən sonra məni əsas komandadan uzaqlaşdırdı. Halbuki təcrübəli futbolçuyam. Məşq zamanı hansısa gənc oyunçuya irad bildirə bilərəm. Adi bir şey idi. Stadionda olan hamı gördü. Məşqi izləyənlər də dedi ki, buna görə futbolçunu qovmaq gülüncdür. Əslində qovmayıb, məşqdən kənarlaşdırıb. O kimdir ki, məni qovsun? Böyük ehtimalla, dərdi başqadır. Belə bir addım atıbsa, ən azından səbəbini açıqlamalıdır ki, ictimaiyyət də bilsin. Mətbuat konfranslarında bunu nizam-intizama görə etdiyini deməklə, bilmirəm, bəlkə də özünü quruya çıxardır və ya xal qazanır. Hamı bilir ki, boş-boş şeylərdir.

Deyirsiniz ki, Tərlan Əhmədovun dərdi başqadır. Nəyi nəzərdə tutursunuz?
– Vallah, bilmirəm. Desəydi, bilərdik ki, fikri nədir. Baş məqşçidir, ola bilər ki, mənimlə işləmək istəmir. Amma açıq şəkildə deməlidir. Kimin kimlə problemi varsa, əvvəldən deyir, o da işini bilir. Məşqdən əvvəl çağırardı, deyərdi ki, mən səninlə işləmək istəmirəm. Mən də normal qəbul edərdim. 33 yaşım var. Əsas komandaya “dubl”dan 17-18 yaşlı uşaqlar cəlb olunur. Onların yanında mənə “Nakitka”nı qoy, meydandan çıx” deməsi xoş deyil. Çünki orada heç vaxt intizamla bağlı problemim olmayıb. Fikrin var idisə, əvvəldən deyərdin.

Sizi yenidən əsas komandaya qaytarmaq istəsə, cavabınız nə olar?
– Açığı, bundan sonra onun marağında deyiləm. Tərlanın rəhbərliyi altında oynamaq istəmirəm.

“Kəpəz”ə keçdiyiniz üçün peşman deyilsiniz?
– Yox. Əksinə, mənim üçün çox gözəl dəyişiklik oldu. Gəncədə çoxlu dost-qardaş tanıdım. Məşqlərimi edirəm, oyunlara çıxıram. Allah canlarını sağ eləsin, istər məqşçilər, istər azarkeşlər mənə çox gözəl dəstək verir. Hər şey ürəyimcədir.

Yəqin ki, hazırda Gəncədə yaşayırsınız.
– Əsasən, Gəncədə qalıram. Arada Bakıya gəlib-gedirəm.

Şəhərə uyğunlaşa bilirsiniz? Gəncə xoşunuza gəlir?
– Çox xoşuma gəlir. Burada yaşamağın mənim üçün bu qədər asan olacağını gözləmirdim. Düşünürdüm ki, qala bilmərəm. Amma dediyim kimi, o qədər dost-tanış var ki, darıxmıram. Hər şey rahatdır. İnsanları çox mehribandır. Adam sıxılmır, vaxt gedir.

Bənzər xəbərlər